ŞƏHİD KOMANDİRLƏRİM

ŞƏHİD KOMANDİRLƏRİM backend

Aqşin abdullayev və Tural Haşımlıya ithafən

Fevralın 25-dən 26-na keçən gecə baş verən atışmanın sabahsı günü qara xəbərlə oyandım. Əsgər yodlaşlarımdan ard-ardına mesajlar gəlirdi: "Soltanov, xəbərin var, komandirimiz şəhid olub”. Yerimdən qalxıb tez kompyuteri yandırdım, xəbərləri açıb həyəcanla oxumağa başladım. Kəşfiyyat rəisimiz mayor Aqşin Abdullyev və Baş leytenan Tural Haşımlı digər 3 hərbçimizlə birlikdə gecə basqını zamanı həlak olublar. Özümə gələ bilmirdim, ötən ilin aprel döyüşlərində 10 ay birlikdə xidmət etdiyim gizir Nicat İsgəndərovun açı xəbərindən sonra növbəti dəfə zərbə almışdım. Daha sonra şəhidlərimizin video görüntüləri yayıldı, izlədikcə hönkür-hönkür ağlayırdım. Ermənistan kanalında yayımlanan video görüntülərdə erməni şərhçinin sanki heçnə olamamış kimi sakit və aramlı danışıqlarını dinlədikcə hirsimi boğmağa çalışırdım. Həmin gün gözümə yuxu girmədi, şəhid komandirlərimizlə keçən xatirələri yada salmağa başladım...

Onunla maraqlı bir hadisə yadıma düşür. Bir dəfə yatdığımız kazarmada gecə saatlarında bəzi əsgər yoldaşlarım oyaq idi. Əsgərin oyaq olması normal haldır, çünki ailə, doğma həsrətini çəkənlərin bəzilərinin gözünə yuxu girmirdi. Bəziləri isə gizlincə telefon işlədirdilər. Məhz həmin gecə mayor Abdullayev kəşfiyyatçılıq məharətini göstərdi. 34 yaşlı zabit kazarmanın pəncərəsindən içəri elə girdi ki, oyaq əsgərlərin ruhu belə bunu hiss etmədi. Hadisədən sonra telefon işlədən əsgərlərin cəzalandırılması lazım idi. Lakin rəis onlara cəza vermədi. Gecə yarısı bütün kazarmada düzülmüşdük. Biz yuxudan yeni ayıldığımız üçün hadisədən xəbərəsiz idik. Əllərində telefon tutulan əsgərlər isə qorxudan tir-tir əsirdilər. Etdiyi qəbahətin yüksək rütbəli zabit tərəfindən aşkarlanması əsgər üçün böyük dərd olmalıdır. Kəşfiyyat rəisimiz sakit və təmkinli adam idi. Qarşısındakı əsgərin qürurunu heç vaxt sındırmazdı. Kazarmada o baş, bu baş yavaş addımlar atırdı. Düşnürdü... Onu hələ yaxşı tanımadığımız üçün bizi nələrin gözləyəcəyini bilmirdik. Beləliklə, bizi həsrətdə qoyan həmin an yetişdi. Mayor günahkarları önə çıxarmadı, sadəcə bizə bir təlimçi kimi dərs keçdi. Biraz əvvəl nümayiş etdirdiyi kəşfiyyatçılıq təcrübəsini bilməyənlərə də izah elədi. Daha sonra əsl kəşfiyyatçının necə olmalı olduğu haqqında mülahizələr söylədi. Kazarmada hər kəs diqqətlə onu dinləyirdi. Günahkar əsgər yoldaşlarım belə bir anlıq qorxu həyəcanını unudub diqqətlərini rəisin çıxışına cəmləmişdilər. O gecədən sonra bir də heç kim cürət edib telefon işlətmədi...



2 ay bir kitaba sığmaz desəm inanarsınızmı? Astarada keçən dövrümüz elə 2-3 cild kitab edər. Şəhid komandirimiz Baş leytenan Tural Haşımlını ilk dəfə görəndə üzündən sanki nifrət və hirs yağırdı. O, mayor Abdullayev kimi sakit təbiətli insan deyildi. Qarşısındakı əsgərin kiçik səhvini belə bağışlamazdı, ani xətanı sezdiyi zaman ya fiziki gücü ilə ya da acı kəlmələri ilə reaksiya verərdi. Hələ onunla görəcək günlərimiz vardı. Bunu biz əsgərlər bilməsək də mayor Abdullayev çox yaxşı bilirdi. Yeni seçilmiş kəşfiyyatçı əsgərlərlə söhbətində də sanki ağır işgəncələrin bizi gözlədiyindən xəbər verən nitqlər söyləyirdi.

Astara gözəl şəhərdir, Baş leytenant Haşımlı isə oranı bizə "cəhənnəm” etmişdi. Düz edirdi, axı bizi xəbərdar etmişdilər. Həftələrlə baş tutan ağır təlimlərdən sonra əsl idmançılara dönmüşdük. Komandir hər dəfəsində əzmli duruşu və sərt bağışları ilə sanki verdiyi əmrin icrasını izləməkdən həzz alırdı. Hərbçi sərt olmalıdır, həm də dürüstlük və mərdliyi özündə ehtiva etməlidir hər zaman. Komandirin özünəməxsus cəzalandırma medotları da vardı. Əsgərinin cəzasını həmişə özü verərdi. Ətimizi yesə də sümüyümüzü heç vaxt atmazdı. Bölük komandirimiz olduğu 2 ay rəzində çox "priçina”lar etdik, kazarmada davalarımız oldu, dəfələrlə sıra düzülüşlərinə gecikdik və s. bu kimi hallarda sakit və təmkinini içində boğsa da hirslərini verdiyi cəzalarda üzə çıxarırdı. Buna baxmayaraq əsgərini daim qoruyan zabit idi.

Bir dəfə mənə Bakıdan böyük "pasılka” gəlmişdi. İçində çeşidli ev yeməkləri, ərzaqlar vardı. İstirahət vaxtı əsgər yoldaşlarımı da çağırıb mülki qidaları onlarla bölüşdüm. Daha sonra yoldaşlarımdan xahiş etdim ki, yeyib bitirdikdən sonra qalıqları salafana büküb atsınlar. 40 nəfərə yaxın əsgər yoldaşıma yetəcək qədər ərzaq var idi, hamısı da azdan çoxdan dadmışdı. Ancaq bir nəfər qüruruna sığışdırıb yeməkdən sonra qalan tullantını zibil çöpünə atmadı. Kazarmaya baxış keçirən komandirimiz Baş Leytenan Haşımlının bir torba yeyinti qalığı gözündən yayına bilməzdi. Bayıra çıxdı və əmr verdi: Bölük düzlən!

Hər kəs bir nəfər kimi qaçaraq düzüldü:

-Kazarmadakı zibil torbası kimindi?

Mənim hadisədən xəbərim olmadığı üçün həmin torbanın atılmadığını komandirdən öyrənmişdim. Sırada bir qədər sükut yarandı. Artıq hər şeyi anlamış, yoldaşlarımdan bərk incimişdim. Bir addım önə çıxıb cavab verdim:

-Mənimdir komandir

-Get o torbanı gətir bura!

-Oldu komandir!

Əmrə tabe olub qaçaraq kazarmaya daxil oldum. Düşünürdüm ki, torbanı gətirib təhvil verəndən sonra izah etmək üçün şansım olacaq. Ancaq yanılmışdım. Həmin torbanı gətirib yerə qoydum. Komandir məni bir müddət jim vəziyyətində saxladı. Ürəyim yoldaşlardan qırılmışdı...

-Apar bunu at zibil qutusuna sonra keç sıraya!

-Oldu komandir!

Axşam yat kamandası verildi. Yuyunub təmizləndikdən sonra bir-bir kazarmaya daxil olurduq. Ən sonda içəri mən girdim. Məni pis vəziyyətdə qoyduqlarına görə yoldaşlarıma "Çox sağolun” deyib sakitcə yatağıma uzandım. Bundan sonrası mənə maraqlı deyil, artıq kim vicdan əzabı çəkir, kim çəkmir özləri bilər! Məni düşündürən komandirin sıra önündə etdiyi hərəkət idi. Qətiyyən onu qınamırdım, əksinə buna görə özümü günahlandırırdım. "Müsəlmana yaxşılıq yoxdur” kəlməsini doğru deyiblər. Mənə qalan öz səhvimin cəzasını çəkmək idi. Çəkdim! Və öyrəndim ki, komandirlər heç vaxt haqsız olmur. Aprel döyüşlərində gizirimizidən savayı bir neçə tandığım çavuşlar, əsgər yoldaşlarım da şəhid oldu, yaralanalar da var idi. Onların içində safları, mənəviyyat zənginləri, kişiləri, dürüst və mərdləri vardı. Ancaq nə qədər axtardımsa bir vicdansızını tapa bilmədim.

Şəhid komandirlərimin hərbi xidməti dövrümün ən yadda qalan simaları oldu. 3 aylıq təlimlərdən sonra ön cəbhəyə yollandıq. Daha sonra öyrəndim ki, rəis və komandirmizin təyinatları ön cəhbədə yerləşən rayonlardan birinə verilib...

Tanıdığım qəhrəmanların tanışlarım olması mənə şəraf və qürur verir. Bəlkə də mülki həyatda onlarla görüşəcəkdim, müsahibələr alacaqdım. Tale elə gətirdi ki, şəhid komandirlərim indi bu xatirə yazılarında dəfn olunur. Bir gün qisasınızı alacayıq!


Rüfət SOLTAN


Adalet.az

Diaspora