Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bəzi sənətçilərin hərbi xidmətdə olmamaları ilə bağlı sosial şəbəkələrdə yer alan məlumatlara münasibət bildirib.
Qaziler.az-ın məlumatına görə, BAMF-ın sədri bildirib: “Bir sıra saytlarda və sosial şəbəkələrdə bəzi sənətçilərin hərbi xidmətdə olmaması ilə bağlı məlumatların yer almasını ürək ağrısı ilə izlədim. Xüsusilə həmin siyahıda xalq artisti, görkəmli muğam ustası Mənsum İbrahimovun da adının çəkilməsi həqiqətən də həmin media orqanlarına utanc gətirməlidir. Nəbzimizin cəbhədən gələn xəbərlərlə döyündüyü indiki vəziyyətdə ictimai hörməti olan, dəyərli sənətçilərimizə qara yaxılması kimə və niyə lazımdır ?! Azərbaycan müğamını, incəsənətini dünyada təmsil edən Mənsum İbrahimov kimi sənətçilərimizi dəqiq olmayan, obyektivlikdən uzaq xəbərlərlə şərləməklə, adi ünvanı və əlaqə nömrəsi belə olmayan dırnaqarası media orqanları hansı məqsədi güdürlər ? İnsanların şəxsi həyatı haqqında, onların nüfuzuna zərər vura biləcək məlumatları dəqiqləşdirmədən yayımlayan jurnalistlər ümumiyyətlə utanırlarmı ? Qızarırlarmı ?Dəyərli sənətçimiz bütün bu yalan iddialara dözməyərək açıqlama verməli olur. Əsassız məlumatları təkzib edir . Hərbi xidmət zamanı çəkdirdiyi fotoları paylaşır. Əlbəttə, idarə heyətinin üzvü olduğum Mətbuat Şurasında həmkarlarımla birlikdə bu dırnaqarası media orqanlarının fəaliyyətinə nəzər yetirəcəyik. Amma xalqın dəyərli nümayəndələri belə əsassız iddialara məruz qalanda ictimai qınağın da olması vacibdir. Əziz dostlar belə səviyyəsiz media orqanlarına xalqımızın dəyərli üzvlərinə rahat şər atmağa, meydan sulamağa icazə vermək olmaz…“