Kikboksinq çempionatının yüksək səviyyədə təşkili federasiyasının yarışlara ciddi hazırlaşdığını göstərirdi. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundov XXIII Azərbaycan çempionatı ilə bağlı fikirlərini şərh edərkən bildirib.
"Yarışlarda gənc potensiallı idmançılarımız öz güclərini sınadılar. Bir-birindən maraqlı və rəqabətli döyüşlər baş tutdu. Ölkədə kikboksinq idmanına hədsiz dərəcədə böyük maraq var. Bu gün kikboksinq idman növünün ölkə ictimaiyyətində bu cür səviyyədə sevilməsi və dəstəklənməsi uzun illər ərzində görülən uğurlu işlərin nəticəsi hesab etmək olar.Vaxtında düzgün aparılan işlər bu gün öz müsbət bəhrəsini verir. Çempionatda kütləviliyin mövcudluğu da bunu açıq-aydın göstərirdi. Qarşıdakı aylarda daha beynəlxalq yarışların keçirilməsi gözlənilir. Çempionatda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev də çıxışında qarşıdakı hədəflərlə bağlı danışması,federasiyasının uzunmüddətli fəaliyyətindən xəbər verirdi”.
K.Axundov Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdirilməsi gənclərimizin idmana sürətli axınını təmin etdiyini söylədi. "Bu gün dövlət səviyyəsində idmanın inkişafı və kütləviləşdirilməsi üçün uğurlu işlər həyata keçirilir. Ölkə rəhbəri cənab İlham Əliyev də çıxışlarında Azərbaycanda idmanın inkişaf etdirilməsini xüsusi olaraq qeyd edir. Hər il beynəlxalq yarışlarda idmançılarımız nailiyyətlərlə vətənə dönürlər. Azərbaycan beynəlxalq arenada idman ölkəsi imicini qazanıb. Bunun özü də Azərbaycanın beynəlxalq arenada tanınması istiqamətində böyük işdir və uğurlarımızın çoxluğu hər kəsi sevindirir. Xalqımız arasında həmrəyliyi gücləndirir”,-deyə K.Axundov vurğulayıb.