Aqil ABBAS: NƏ MÜSAHİBƏ VERSƏM DAHA ÇOX SÖYÜLƏRƏM?!

Aqil ABBAS: NƏ MÜSAHİBƏ VERSƏM DAHA ÇOX SÖYÜLƏRƏM?! backend

Bir məşhur ifadəsi də vardı: «Millət deyilik ey, kefik başdan-ayağa».

Şamaxıda Sabir ənənəsini davam etdirən çox maraqlı bir şair yaşayırdı – Qürbət Əziz, yeri behişt olsun. Şeirlərini də hərdən yalnız bizə göndərirdi, mən də məmnuniyyətlə çap edirdim. Həyatda da bircə dəfə görüşmüşdük. Ən çox sevdiyim şeirləri də «Bu millət Allahın möcüzəsidi», «Vallah, bu millətə göz dəyəsidi». Arxivi gərək axtaram, onun şeirlərini yenidən dərc edəm. Sabir min illər yaşayacaq şeirlər yazdığı kimi, onun da şeirləri həmişə aktualdı.

Bir məşhur ifadəsi də vardı: «Millət deyilik ey, kefik başdan-ayağa».
Ötən həftə belə bir replika yazmışdım qəzetdə: «Hadı Rəcəbli, Əhəd Abıyev, Elza Seyidcahan, Xoşqədəm Hidayətqızı, bəs sabah kim?!»

Sabah da hörmətli millət vəkilimiz, həmişə xalqın sözünü yüksək tribunalardan deyən Vahid Əhmədov oldu. Bir gün sonra Vahid Əhmədovu tək qoymadım və elə mən özüm oldum.
Manşetlərə çıxarmışdılar ki, Vahid Əhmədov deyir ki, deputatlar 2200 manat maaş alır, bu da azlıq edir və sair və ilaxır. Və heç kəs maraqlanmadı ki, Vahid Əhmədov doğrudan bu sözü deyib, ya deməyib. Və sonra da məlum oldu ki, Vahid Əhmədov bu sözü deməyib. Amma kimdi ey buna fikir verən, müzakirələr gedir, həm qəzetlərdə, həm saytlarda, həm də sosial şəbəkələrdə.

Təbii ki, mənə də, yadımdan çıxıb hansı saytıydı, telefon açdılar və Vahid Əhmədovun dediyi ilə bağlı bir açıqlama istədilər. Mən də bildirdim ki, şəxsən Vahid Əhmədovdan bu sözü eşitməmişəm, ikincisi də deputatların maaşı 2200 deyil, 1750 manatdı. Düzdür, mən o biri deputatlardan 60 manat artıq maaş alıram, Əməkdar jurnalist olduğuma görə. Soruşdular bu maaş sizə çatır? Mən də bildirdim ki, mənim üçün fərq etməz, az olar az xərcləyərəm, çox olar çox xərcləyərəm və maaşımdan narazılıq eləmirəm.
Görürəm indi saytlar parthapart paylaşır ki, Aqil Abbas deyir, deputatların maaşları artırılmalıdır. Vəssalam! Söy ki söyəsən. Əvvəla, mən belə bir söz deməmişəm. Sadəcə olaraq, bildirmişəm ki, keçmiş SSRİ məkanında ən az deputat maaşı Azərbaycandadı, hətta Dağıstanda da, eləcə də Gürcüstanda da deputatlar bizdən çox maaş alır. Və bir də deputatların maaşını çox görənlərə bir mesaj vermişəm ki, o maaş nələrə xərclənir. Təkrar eləmək istəmirəm. Saytlar da mənim müsahibəmi olduğu kimi çap eləmirlər, özlərinə sərf edən kimi müsahibədən bir parçanı çap edirlər və kontekstdən də çıxarırlar. Sağ olsunlar.

Dəfələrlə mənim müsahibələrimdəki fikirlər kontekstdən çıxarılaraq manşetlərə daşınıb və heç kim həmin müsahibəni oxumadan konstekstdən çıxarılıb manşetə daşınan yarımçıq bir fikri müzakirə eləməyə başlayıb.

Elə bu günlərdə «ölüm cəzasının Azərbaycanda bərpa edilməsi mümkündürmü»-deyə mənə sual vermişdilər. Mən də bildirmişdim ki, bu mümkün deyil. Əvvəla, ölüm hökmünün ləğv olunması ilə bağlı sərəncama Ulu Öndər Heydər Əliyev imza atıb. Yəni onun sərəncamını ləğv etmək olmaz. Və onu da qeyd etmişdim ki, ölüm cəzasının tətbiqi heç də cinayətlərin azalmasına təsir göstərə bilməz və misallar çəkmişdim. Bir də onu demişdim ki, amma hər bir cinayətin adekvat cəzası olmalıdı.
Bir də baxıb görürəm ki, «Moderator.az»da şair Aqşin Yenisey deyib, Aqil Abbas özünü Mili Məclisin qabağında yandırsın. Niyə belə hirslənib şair? Çünki müsahibəni oxumadan düşük saytlardakı demədiyim sözün manşetə çıxarılmasıdı. Yəni mən guya ölüm hökmünün tərəfdarıyam və demişəm ki, ölüm hökmü bərpa olunmalıdı. Şair məni bağışlasın ki, özümü Mili Məclisin qabağında yandırmadım.
Bir soğan söhbəti də vardı, yenə kontekstdən çıxarmışdılar. «Azadlıq» radiosu məndən müsahibə götürmüşdü. Sual da beləydi ki, kəndlilər işsizdi. Mən də cavab vermişdim ki, dövlət kəndlilərə torpaq payı verib, getsin əksin, soğan əksin, nə istəyir əksin. Vay dədəm, vay, hələ də həmin soğanı çeynəyirlər. Əkməsin, qardaşım, torpağında futbol meydançası düzəltsin.

Yeri gəlmişkən, Bərdədə bir qohumun təsərrüfatı var, mənə dedi ki, təkcə soğandan 1 milyon manat pul götürmüşəm.

Nə isə… Ondan sonra evdə mənə embarqo qoydular ki, nə heç hara müsahibə vermə, nə də televiziyaya çıxma. Neçə ay nə televiziyaya çıxdım, nə də müsahibə verdim.
Əslində belə hücumlar ondan ötəridi ki, özü də bunu müəyyən qüvvələr təşkil edir, danışa bilən ziyalıları susdursunlar. Amma indi yenidən hörmət etdiyim jurnalistlərin müəyyən suallarına cavab verirəm. Və dərhal da belə məsələlər yenidən qalxır və susdurmağa çalışırlar. Susmayacağıq. Yazın, söyün, təhqir edin. Əsas odu bilirsiniz nədən ləzzət alıram? O yazıb, söyüb, təhqir edənlər məni görəndə pişiyə dönürlər.

O gün də «Azadlıq» radiosundan zəng ediblər ki, əhali arasında sorğu keçirilib və sorğuda iştirak edənlərin neçə faizisə deyib ki, ölkədə rüşvət var, bununla bağlı sizin münasibətinizi bilmək istəyirik. Mən də qısa cavab verdim ki, mən nə rüşvət alıram, nə də rüşvət verirəm. Siz bu sualı rüşvət alanlara və rüşvət verənlərə yönləndirin. Bilmirəm, indi nə yazdılar, nə yazmadılar. Buyurun, bunu da müzakirə edin.

Qaldı söyüş məsələsinə, mən bir yazıçıyam və şifahi xalq ədəbiyyatına çox gözəl bələdəm. Və Azərbaycan dilində nə qədər söyüş varsa, bilirəm. Hətta görkəmli şairmiz Əjdər Ol məqalələrinin birində yazmışdı ki, Aqil Abbas dünyanın ən söyüşcül baş redaktorudu. Amma mən həmin söyüşləri sizə demirəm, hayıfdı, həm də ayıbdı.

Allah Qürbət Əzizə rəhmət eləsin, millət deyilik ey, kefik başdan-ayağa.

Aqil ABBAS
Diaspora