AQİL ABBAS: PƏNAH XAN MƏRKƏZ KİMİ NİYƏ AĞDAMI SEÇMİŞDİ!

AQİL ABBAS: PƏNAH XAN MƏRKƏZ KİMİ NİYƏ AĞDAMI SEÇMİŞDİ! backend

Bildiyiniz kimi, artıq bir çox nazirliklər özlərinin regional təşkilatlarını yaradırlar və bu regional strukturlar həm idarəetməni asanlaşdırır, həm də bir çox üstün cəhətləri var. Amma bu regional təşkilatlar yarananda mərkəz düzgün seçilməlidir.

Məsələn, Təhsil Nazirliyinin Qarabağ üzrə regional idarəsi Tərtərdə yerləşir. Bura daxildi Füzuli, Xocavənd, Beyləqan, Laçın, Ağcabədi, Ağdam, Tərtər və deyəsən, Bərdə. Əslində mərkəz Ağcabədi olmalıydı. Niyə? Füzuli ilə Tərtərin arası təxminən 190-200 kilometrdi. Deməli, təhsil işçisi hər hansı bir problemini həll etmək, ya sənəd üçün, ya nə bilim nə üçün Füzulidən Tərtərə getməlidi və ya Xocavənddən və ya Beyləqandan. Bir günü batdı getdi, həm də yol xərci, yemək xərci bunu da gəl üstünə. Həmin idarə Ağcabədidə yerləşsəydi düz mərkəzə düşürdü. Kilometrlə deyim, Füzuli-Ağcabədi təxminən 90-100 kilometr, Tərtər-Ağcabədi 90 kilometr, Beyləqan-Ağcabədi, Xocavənd-Ağcabədi 40-50 kilometr, Ağdam-Ağcabədi də təxminən elə və sair və ilaxır.

Hələ də gec deyil, Təhsil Nazirliyi bu haqda fikirləşə bilər. Və mən bunu heç də yerliçilik hissi ilə yazmıram. Mənim üçün Ağdam, Ağcabədi nə qədər doğmadısa, Füzuli nə qədər doğmadısa Tərtər də bir o qədər doğmadı.

Mədəniyyət Nazirliyi özünün regional təşkilatına mərkəz kimi Ağcabədini seçib və mətbuatda oxudum ki, ağdamlılar buna çox ciddi etiraz ediblər, hətta müəyyən təşkilatlara müraciətlər də ünvanlayıblar. Səbəb də onu göstəriblər ki, sənət ocağı Ağdam ola-ola niyə regional mədəniyyət idarəsi Ağcabədidə yaradılıb? İnanıram ki, bu, Ağdam camaatının bütövlükdə fikri deyil, hansısa müəyyən qrupların işidi. Əvvəla, Mədəniyyət Nazirliyi düzgün seçim edib. Deyəsən, üç rayon baxır bura: Laçın, Ağdam, Ağcabədi. Ağcabədi də bu üç rayonun ortasındadı. Yəni əlverişli bir yerdi.
İkincisi, məsələni də o cür qoymaq olmaz ki, sənət Ağdamdadı. Ağcabədi də böyük bir mədəniyyət ocağıdı. Ən azı Üzeyir Hacıbəyovun vətənidi. Hələ mən Dədə Qorqudu, Füzulini, Aşıq Vəlini demirəm. Ağcabədi Pənah xanın doğulduğu torpaqdı. Mirzə Cəlilin ömür-gün yoldaşı, Azərbaycanın görkəmli ziyalısı Həmidə bəyin vətənidi. Mütəllim əminin, Yaqub əminin, İsi Məlikzadənin vətənidi , Ənvər Əhmədin, Əhməd Elbrusun vətənidi.

Ümumiyyətlə, belə yanaşma düz deyil. Azərbaycanın hər bölgəsi tarixə böyük şəxsiyyətlər, böyük kişilər, böyük alimlər, böyük sənət adamları veriblər, təbii ki, Ağdam da elə Ağdamdı.

Ağdamlılara bir məsələni də xatırladım. Əzizlərim, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi sərəncamla Ağcabədidə yaradılmalıydı, amma Ağdamda yaradıldı. Amma onda ağcabədililər üsyan eləmədilər ki, niyə dövlətin sərəncamına əməl edilməyib və niyə bu Ağdamda yaradılıb.

Orda ən əsas bir səbəb vardı. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi niyə bu qərara gəldi?

Ağcabədi yerində oturmuş bir rayondu. İnkişafı da göz qabağında, həm abadlıq-quruculuq baxımından, həm də iş yerlərinin açılması baxımından. Ağdam isə yerində deyil və Quzanlı da o zaman bir qəsəbə idi, indi şəhər statusu alıb, elə də inkişaf etməmişdi – nə abadlıq-quruculuq baxımından, nə də iş yerlərinin açılması baxımından.

Nazirlik Quzanlını ona görə seçdi ki, o qəsəbənin infrastrukturuna öz təsirini göstərsin. Həm orda gözəl və möhtəşəm bir bina tikdi, gözəl bir park saldı, parkda Ulu Öndərin büstünü ucaltdı, yüzdən artıq, dəqiq rəqəmi bilmirəm, daha çox yeni iş yerləri açıldı və bu idarəyə həm də təkcə ağdamlılar deyil, Quzanlıya yaxın Ağcabədi kəndlərindən də mütəxəssislər cəlb edildi. Qəsəbəyə bir şur gətirdi. Neçə rayondan insanlar Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı Quzanlıya gəlməyə başladılar. Şəhərin ab-havası dəyişdi.

Və onu da qeyd edim ki, regional idarənin Ağcabədidə deyil, Ağdamda yaradılmasında mənim də müəyyən qədər rolum oldu. Amma ağcabədililər bunu bilsələr də məndən küsmədilər.

Əzizlərim, canım-gözüm ağdamlılarım, kimlərinsə təxribatına uymayın.
Və sonda. Qarabağ tarixindən.

Qarabağ xanlığının paytaxtı Şuşa şəhəriydi. Amma Pənah xan xanlığın mərkəzi kimi Ağdamı seçmişdi. Və Ağdam şəhərinin inkişafı üçün də müxtəlif sərəncamlar vermişdi. Məsələn, sərəncamlardan biri bu idi ki, kim Ağdam şəhərinə yatırım yapsa vergidən azad olunur. Bura sənətkarlar daxil idi, tacirlər daxil idi, faytonçular daxil idi, zərgərlər daxil idi, silah-sursat düzəldənlər daxil idi və sair və ilaxır. Ona görə Qarabağın bütün bölgələrindən hamı Ağdama axışdı. Və Ağdam bir şəhər kimi sürətlə inkişaf elədi. Özü də vəsiyyət elədi ki, mən öləndə məni Ağdamda basdırın. Niyə Bayatda yox, Ağdamda?! Bilirdi ki, onun məzarı ziyarətgaha çevriləcək, bu da Ağdam şəhərinə bir müqəddəslik gətirir.

Niyə Ağdamı seçdi? Ağdam Qarabağın düz mərkəzindədi. Ağdamdan Laçına 70 kilometr, Yevlaxa 70 kilometr, Füzuliyə 48 kilometr, Ağcabədiyə 48 kilometr, Bərdəyə 48 kilometr (qəribədi), Şuşaya 37 kilometr, Ağdərəyə 37 kilometr, Xankəndinə 25 kilometr, Kəlbəcərə 90 kilometr, Goranboya 70 kilometr. Yəni bütün qarabağlılar üçün ən əlverişli bir nöqtə.

Bunu da ona görə qeyd elədim ki, regional strukturlar yaradan nazirliklər və komitələr Pənah xanın bu təcrübəsindən öyrənsinlər və bəhrələnsinlər.
Diaspora