Hacı Əbdül adlı birisinin heç zaman müsahibəsini oxumağa vaxt sərf etməzdik, əgər ”Tamerlan Qarayev Qatır Məmmədə demişdi...” başlığı olmasaydı. Zatən uzun-uzadı, mənasız, bayağı danışıqla dolu bu müsahibənin məqsədi də bu başlıqda, burdan qaynaqlanan ittihamdadı. Müsahibə götürən müəllif yazıya intellekt çalarlarla bəzək vurmağa çalışsa da müsahibdən yararlı heç nə qopara bilmədiyinin fərqində olduğundan başlıqla cəlbetmə prinsipinə üstünlük verməyə məcbur olub.
Azərbaycanın yaxın tarixində - 1991-ci ilin noyabrında Xocavənd rayonu, Qarakənd yaxınlığında Azərbaycanın dövlət rəhbərlərinin olduğu vertolyotun ermənilər tərəfindən vurulduğu tarixi faktdır. Tamerlan Qarayevin həmin vaxt Ağdamda olması və o vertolyota minmək istəyəndə dövlət katibi Tofiq İsmayılovun təkidilə rayonda qalması da faktdır. Amma Tamerlan Qarayevin guya vertolyotun vurulmasında əli olduğunu söyləyib hərdən kimlər tərəfindənsə onlara sərf edən vaxt gündəmə gətirilməsi də yenilik deyil. Hər dəfə də bu iddianı, ittihamı irəli sürənlərin qərəzli olduğu, cəfəngiyyat danışdığı sübut olunsa da eyni mərkəzdən idarə olunanlar erməni cinayətinə haqq qazandırmaqdan çəkinmirlər, erməniyə olan sevgilərini gizlətmədən quyruğu yanmış kimi ortalıqdan çıxmırlar. Hacı Əbdül adlı birisinin də bu məsələdə ortalığa atılması heç təəccüb doğurmur. Əbdül deyir ki, Bayılda həbsdə olanda Qatır Məmməd (Yaqub Rzayev) guya buna belə deyib: “...Deyirdi bəs vertolyot qəzasından əvvəl Tamerlan Qarayev ratsiyada axtarıb onu. Deyib o səmalardan bir erməni vertolyotu uçacaq indi. Vurarsız. Düşdümü, buna da sakitləşməyin. Gedin, cəsədləri gülləylə darayın...” . Deyilənlərə aydınlıq gətirməzdən əvvəl onu mütləq qeyd edək ki, cayıllıqdan yekə-yekə danışan Əbdülün nəzərinə çatdıraq ki, yalan – palan olsa da bunun adı “işverənlikdir”, yox elə qəbul etmirsənsə bunun o biri adı cinayəti bilib gizlətməkdi. Həm də belə çıxır ki, bu Əbdül iki cinayəti birdən gizlədib.Birincisi, T.Qarayevin cinayətin “təşkilatçısı” olduğunu “icraçı”dan bilib hüquq-mühafizə orqanlarına xəbər verməmək, ikincisi Bayıl həbsxana rəhbərliyinin “təşkilatçılığı”ilə bir “icraçı“ həkimin məhbus Yaqub Rzayevi qətlə yetirməsini bilib xəbər verməmək. Bu öz yerində. Keçək Əbdülün guya eşidib dediklərinə. Qarabağın coğrafiyasından xəbəri olmayan Əbdülün nəzərinə çatdıraq ki, Ağdamda döyüşlər gedən vaxt Qatır Məmməd-Yaqub Rzayev həmişə 19 nömrəli postda – Qarağacı qəbiristanlığı tərəfdə, üzü Əsgəran istiqamətində döyüşçülərilə birlikdə keşik çəkib, fəaliyyəti sonadək o yerdə olub. Vertolyotun vurulduğu yersə, Martuni ( Xocavənd) istiqamətindədi və Y.Rzayevin tutduğu mövqeylə əks qütblərdədi. Məlumdur ki, vertolyotun qalxması ilə vurulması arasındakı zaman məsafəsi heç 30 dəqiqə olmayıb, “xəbər alan” Y.Rzayev o vertolyotu vurmaq üçün gərək başqa bir vertolyot tapıb dəstəsiylə uçaydı ora. Burda əvvəlki tutuquşulardan fərqli olaraq Əbdülə yeni rol da tapşırılıb:” .., düşdümü, buna da sakitləşməyin, gedin, cəsədləri gülləylə darayın” . Əbdülün və müəllimlərinin erməni sevgisi o həddə çatıb ki, erməni vəhşiliyinin son akkordlarını – vertolyotu vurub salandan sonra həlak olanların meyitlərinin gülləbaran olması - T.Qarayev tərəfindən tapşırıq olaraq verildiyinə də iddia etməkdən çəkinməyiblər. Bu “daramaq”, “səmalar” kimin ləhcəsidi, Əbdül? Getdiyin Həcc haqqı bizim ləhcə deyil.
Bu barədə əlavə açıqlamaya ehtiyac görmürük, aydın olan bir məsələyə xüsusi ciddi - cəhd əks effekt verir. Bu yazını yazmaqda da məqsədimiz Azərbaycan Respublikasının İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevi müdafiə etmək deyil, çünki onun bizim müdafiəmizə ehtiyacı yoxdu. Bizim işimiz Qarabağ camaatını təhqir edən Əbdüllədi, Əbdüldən istifadə edənlərlədi. Tamerlan Qarayevlə davanız varsa, gedin davanızı onun özüylə aparın, Qarabağ camaatının heysiyyatına toxuna bilməzsiniz. Onsuz da qarabağlıların nə günə qaldığı illərdi göz önündədi. Torpağını düşmən işğal edib, keçmişindən olub, bu günü zəhrimar, gələcəyi qaranlıqdır. Bütün bunlar azmış kimi qarabağlıları vətənə xəyanətdə, öz həmvətənlərini qətlə yetirməkdə ittiham edənlərin bütün mənalarda cavabını verməyə bu camaat hazırdı. Əbdülün deməyindən belə çıxır ki, Yaqub Rzayevin tabeliyində olan döyüşçülər də gedib öz həmvətənlərinin meyitinə atəş açıblar. O dəstədən xeyli şəhid olanlar var, qazilər var, bu cür qarayaxmalar onları təhqir etməkdir. Kim verib bu ixtiyarı Sizlərə? Bu camaatın itirəcək daha heç nəyi qalmayıb. Yiyəsiz, ümidsiz, çərləmiş bir camaatın heysiyyatına toxunulanda bir gün ağına –bozuna baxmayacaq.
Bu gün Xudu Məmmədovun ölən günü idi. Məzarının başında onu anmağa gələnlərin ümumi bir fikri belə oldu: Sən bu camaata indi lazım idin.., yerin görünür böyük kişi...
İlham İsmayıl, polkovnik leytenant, Qarabağ müharibəsinin veteranı.
Vasif Qurbanzadə, “Qarabağ hərəkatı”nın başqanı