Yazıya başlamazdan öncə sosial şəbəkə paylaşılan bir foto diqqətimi çəkdi. Fotoda Ağdam xarabalıqlarının qarşısında özünə yem axtaran donuz görünürdü.
Dağıntılardan bəllidir ki, bu foto yeni çəkilib. Vur-tut 1,9 milyonluq işğalçı Ermənistan Azərbaycan ərazilərindən hərbi poliqon və donuz ferması kimi yararlanır hələ ki...Dünya isə işğalçının nazı ilə oynamaqda davam edir. ABŞ-ın dövlət katibi Con Kerrinin sonuncu bəyanatı aprel müharibəsindən sonra yaranan ümidləri də alt-üst elədi. Kerrinin məntiqinə görə, Azərbaycan və Ermənistan arasındakı Qarabağ konfliktinin həlli üçün şərait hələ yetişməyib. Nəyi gözləyirlər, daşın göyərməyini? İşğalçı ordu gəlib burnumuzun ucunda, torpağımızda hərbi təlimlər keçirdir, tankla torpağımızı şumlayır, donuzlarını bəsləyir, Kerri də “şəraitin yetişməsi” üçün gözləməyi tövsiyə edir. Bəs, BMT-nin 4 qətnaməsində işğala dərhal son qoyulması tələbi, Avropa Parlamentinin “Qarabağa əsgər göndərmə” çağırışı?!
Əslində Amerika dövləti vəziyyətin getdikcə kritikləşdiyini ciddi şəkildə dəyərləndirib ortaya mövqe qoymalı idi. “Şərait” nə zaman yetişəcək, Ermənistan nüvə silahını əldə edəndə? Vaşinqton Rusiyanın Ermənistana “İsgəndər” tipli raket kompleksini hədiyyə etməsini görməzdən gəldi. Sanki Kreml işğalçı ölkəyə azı 280 km hədəfi vura bilən raket yox, raqatka verib. “İsgəndər” raketlərinin İrana satılmasını dünya üçün fəlakət hesab edən güclər bu dəhşətli raket kompleksinin terrorçu və işğalçı ölkənin əlinə keçməsinə o qədər sakit yanaşdı ki.
Kerridən əvvəl Rusiya XİN başçısı Sergey Lavrov da “şəraitsizlik”dən şikayətlənib sülh danışıqlarının davamı üçün vaxtı gözləməyi tövsiyə eləmişdi. Ondan sonra Rusiyanın baş naziri Medvedev də Qarabağ məsələsini “soyuducu”ya qoyub dondurmağı daha faydalı saymışdı. Bizim başımızı “dondurma” ilə qatırlar, erməniləri isə “İsgəndər”lə ovudurlar.
Hər halda bazar günü Tiflisdən Bakıya gələn və Şəhidlər Xiyabanını ziyarət edən Papanın Qarabağ uğrunda verdiyimiz qurbanların məzarlarını görəndən sonra hansı hisslər keçirdiyi çox maraqlıdır. İyun ayında Ermənistanda olanda o, “Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur” söyləmişdi.
Bilmirəm, ola bilsin ki, Azərbaycana ayaq basandan, görüşlər keçirəndən sonra Roma Papası “kiçik torpaq parçası” dediyinə görə peşman olub, xəcalət çəkib...Bəlkə də yox.
Hər halda Roma Papası Tiflisdə olarkən “Gürcüstanda demək olar ki, 500 min insan öz ölkəsində qaçqınlıq həyatı yaşayır. Tsxinvali və Abxaziya Gürcüstanın qədim torpağıdır”-dedi. Ancaq onun dilindən “Qarabağ qədim Azərbaycan ərazisidir” sözünü eşitmədik...
Sadəcə “arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın” söylədi Papa. Heç Qarabağdan bəhs etmədi ki, “ən qədim xristianlar” kimi mədh etdiyi ermənilərin xətrinə dəyər. Papaya demək lazımdır ki, biz 30 ilə yaxındır bir həqiqəti dərk etmişik: “Quran” oxumaqla donuz darıdan çıxmır. İndi sən “İncil” oxumaqlamı buna nail olmaq istəyirsən?! Yox, sənin oxuduğun “İncil”də Ağdam məscidindəki donuzları çölə çıxartmayacaq...Heç darıdan da...
İstənilən halda biz Papa başda olmaqla hər kəsə başa salmalıyıq ki, Qarabağ bizim üçün “kiçik torpaq parçası” yox, bizim varlığımız, vazkeçilməz ünvanımızdır!
Roma Papası Bakıya “Hamımız qardaşıq” şüarı ilə gəlmişdi. Papa anlamalı idi ki, biz vaxtilə hətta erməniyə də qardaş demişik, “qardaş olub Hayastan-Azərbaycan” oxumuşuq. Amma bu gün onun “sülhün xəbərçisi” adlandırdığı Ermənistan ilan olub boğazımıza dolanıb.
Üç ay əvvəl erməniləri “mələk” donunda təqdim edən Papa bu gün müqayisə edib görsün ki, əslində bölgənin ən humanisti, ən xeyirxahı kimdir, Bakının mərkəzində erməni kilsəsini toxunulmaz saxlayan azərbaycanlılar, yoxsa Qarabağdakı məscidlərimizi tövləyə çevirən ermənilər? Gərək ki, Papa prezident İlham Əliyevin “Bütün məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Biz isə Bakıda erməni kilsəsini bərpa etmişik” sözlərini ömrü boyu unutmasın və Vatikana dönəndən sonra öz siyasətinə göz gəzdirsin. Yoxsa yenə də Argentina ermənilərinin dedikləri ilə oturub-duracaqsa, “erməni soyqırımı” cəfəngiyyatına sadiq qalacaqsa, daha özü və Allahı bilsin...
musavat.com