İndi ürəyimdən keçən bir məsələyə toxunacam, demokratlar və qeyri-demokratlar sağdan-soldan döşəyəcəklər. Desəm öldürməyəcəklər, söyəcəklər, deməsəm də ölməyəcəm, sadəcə olaraq qəlbimdə qırılıb qalacaq.
Müəllim günü qaldı arxada. Saytlarda, sosial şəbəkələrdə, yazılı mətbuatda müəllimləri təbrikdən çox söyülən gördüm, təhqir olunan gördüm. Həm öz müəllimlərim, həm də balalarıma dərs deyən müəllimlər gəlib keçdi gözümün önündən. Ürəyim ağrıdı. Bu millətin müəllimlərə bu qədər kin-küdurət bəsləməsini anlaya bilmədim. Bu kin-küdurəti püskürənlər unudurlar ki, həyatda nə qazanıblarsa, hətta valideynlərindən çox müəllimlərinə borcludurlar. Hər hansı bir valideyn övladına təlim-tərbiyə verə bilər, ölkə üçün layiqli bir vətəndaş olmağı öyrədə bilər, amma ona elm, təhsil, savad verə bilməz.Mən bir dəfə belə bir yazı yazmışdım: «Müəllimlər hamısı Milli Qəhrəmanlardı». Müəllim günü həmin yazını təkrar çap eləmək istəyirdim, təəssüf ki, axtarıb tapa bilmədim, yəqin ki, yaxın zamanlarda tapıb təkrar çap edəcəm. Ordan yadımda qalan bir fikri deyim. O maaşla bizim ərköyün, cibində min manatlıq adlarını bilmədiyim bahalı telefon gəzdirən, dərsə «Cip»lərlə, «Mersedes»lərlə gələn övladlarımıza dərs deyən, onlara adamlıq öyrədən, onlara elm öyrədən müəllimlər, vallah, Milli Qəhrəmanlardı. Görən bir məktəbdə çalışan 100-150 müəllimdən neçəsi işə şəxsi avtomobillə gəlir - biri, yoxsa ikisi?!
Məhəmməd peyğəmbər (s.ə.s.) deyir ki, mənə bir hərf öyrədənin 40 il köləsi olaram.
Sizə bir hərf yox ey, 32 hərf öyrədən (Kirildə 32 idi, deyəsən indi 28-di, olsun 28 hərf öyrədən) bir müəllimin qulu olmaq istəmirsiz, çox yaxşı. Kiminsə qulu ola bilirsiz və ya ola bilirik, amma bizə 32 hərf öyrədənin qulu olmaq cəhənnəm, hörmətini belə saxlamaq istəmirik.
İldə bir dəfə Müəllim günü olur. Kimisi gül alıb aparır müəllimə, kimisi 20-30 manatlıq bir hədiyyə alıb aparır müəllimə və müəllimlər olur xalq düşməni. Niyə qardaş?! Özünüzün ad gününüz olanda sizə hədiyyə gətirməyən dostlardan, ya zəng edib təbrik etməyən dostlardan inciyirsiz. Hətta sosial şəbəkələrdə onları bloklayırsız ki, məni niyə təbrik eləmədi.
5 oktyabr da müəllimlərin ad günüdü də. İldə bir dəfə keçirilən bu ad günündə bizim övladları adam eləyən müəllimlərə 20 manatlıq bir hədiyyə ya verirsiz, ya vermirsiz, onu da çırpırsız müəllimlərin başına. Amma repetitorlara ayda 100-200 manat, bəlkə də çox, pulu yüyürə-yüyürə aparıb verirsiz. Ayıbdı, vallah.
Müəllimliyin nə qədər çətin bir peşə olduğunu yalnız müəllimlər və bir də valideynləri müəllim olanlar bilir. Və xəbəriniz yoxdur ki, adicə bir saatlıq dərs üçün müəllim həm işdə və həm də evdə bəzən iki saat vaxt itirir. Evdə iki uşağı yola vermək olmur, amma müəllim sinifdə 25, 30, bəzən 40 uşaqla dil tapmalı, başını sığallamalı, ayrı-ayrılıqda onlarla məşğul olmalı və sair və ilaxır.
Qarabağda heç kəs məni adımla çağırmır, yəni Aqil müəllim deyən yoxdu. Hamı mənə «Məllim» deyə müraciət edir. Məsələn, kənddə və ya rayonda biri o birisinə deyir ki, «dünən Məllim gəlmişdi» və ya «Məllimə televizorda baxdın?». Və hamı bilir ki, deməli, söhbət məndən gedir.
Və mən bu sözlə forslanıram, ləzzət edir ki, mənə Məllim deyirlər, məni bu şərəfli adla çağırırlar. Bu mənim həyatda ən böyük qazancımdı.
Mənə dərs deyən müəllimlərin həyatda olanların əllərindən öpürəm, rəhmətə gedənlərin də ruhu önündə diz çökürəm.
Gec də olsa bütün müəllimləri təbrik edirəm. Belə şeylərə görə ürəyinizi qısmayın. Bu gün hamımız sizlərə borcluyuq.
Və heç zaman o borcu qaytara bilməyəcəyik.
Aqil ABBAS