Ədalət Tahirzadə: “Şaumyanla birləşib erməniləri başına yığaraq Cumhuriyyətə qarşı üsyan etdi”
1918-20-ci illərdə mövcud olmuş Xalq Cumhuriyyəti dövrünün araşdırmaçısı Ədalət Tahirzadə Azərbaycan tarixində kifayət qədər tanınan, hətta barəsində dastan yazılan və film çəkilən silahlı birləşmə başçısı Qatır Məmməd haqqında sərt danışıb, onu fotolarla ermənilərlə iş birliyində suçlayıb.Modern.az saytının məlumatına görə, Ə.Tahirzadə Qatır Məmmədlə bağlı bunları deyib:
“Kimlərsə bu gün yenə Qatır Məmməddən "xalq qəhrəmanı" düzəltmək istəyir! Şaumyanla birləşərək Cümhuriyyətimizə qarşı üsyan etmiş, erməniləri başına toplayaraq bir çox bəylərimizin qanını axıtmış, nəslini kəsmiş, var-dövlətini tar-mar etmiş bu Vətən və millət xaininə tariximizdə yer yoxdur!!!
Buyurun, onun başına topladığı quldur dəstəsindəki ermənilərlə tanış olun! Adlarını sıra ilə qeyd edirəm: Martiros Aruşanov, Haykaz, Hamparsum Koçarov, Mixail Koçarov, Arşak Avakoviç Qriqoryan, Santri Badalyan, Nazar Veliyan”.
Araşdırmaçı alim daha sonra daha bir neçə foto təqdim edərək onların izahını da verib:
“Bunlar da Qatır Məmmədin quldur dəstəsindəki adı müsəlman, özü ermənidən daha qəddar olan başkəsənlərdir. Bunların hər birinə Cümhuriyyət hökuməti Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə 30 il iş vermişdi. Adlarını sıra ilə yazıram: Dəli Qara, Əli, Xankişi Məmmədov, İsa Namazov, Tapdıq Nəbiyev.
Sonralar sovet hokuməti bunları "inqilabçı" adlandıraraq göylərə qaldırdı. Bu quldur dəstəsinin başqa "müsəlman" üzvləri də yaddan çıxmasın: Abdulla, Allahverdi Qurbanov, Alxas İbrahimov, İdris Şahverdiyev, Ağakişi Yusifov və digərləri...”.
Qeyd edək ki, Qatır Məmməd Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı olub. Adam öldürdüyü üçün sürgün olunub, ancaq qaçaraq bolşeviklərlə dostlaşıb. Yenidən həbs olunaraq sürgün olunsa da, 1917-ci il rus inqilabından sonra geri dönüb və öz dəsətəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı mübarizə aparıb.
Milli hökumətin hərbi naziri Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirən Qatır Məmməd bölgədə varlıların malikənələrini viran qoyub, dəmir yol hərəkətini pozub.
Qatır Məmməd ölkənin paytaxtı ilə Qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarıb, Bakı-Gəncə dəmiryolunu partladıb ki, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində erməni soyqırımına məruz qalmış köməksiz Azərbaycan türklərini erməni-rus vəhşiliyindən qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin.
Qatır Məmməd Cümhuriyyət hökumətinin qoşunu tərəfindən mühasirəyə alınaraq öldürülüb. Azərbaycan milli hökumətinin ən qatı düşmənlırindən olmuş Qatır Məmməd Sovet Azərbaycanı zamanında xalq qəhrəmanı elan edilib, heykəlləri qoyulub, adına küçələr salınıb. Haqqında kino çəkilib.