Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycanın mərkəzi Urmiya şəhərində genişmiqyaslı etiraz aksiyaları keçirilir. Ötən gündən başlayaraq on minlərlə Azərbaycan türkü Urmiyanın küçə və meydanlarına axışaraq rejimin ədalətsiz siyasətinə qarşı qəti etirazlarını bildirir. Aksiya iştirakçıları "Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb", "Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz" və "Azərbaycan oyaqdır, kürdlər bizə qonaqdır" kimi şüarlarla öz haqlı mövqelərini ifadə ediblər.
Hadisələrin gedişatı göstərir ki, Urmiyada yaranan gərginlik yaxın günlərdə daha da artacaq.
Politoloq Elxan Şahinoğlu qeyd edir ki, Urmiyadakı etirazların Təbrizə, Ərdəbilə və digər şəhərlərə də yayılması ehtimalı var:
"Güney Azərbaycanın müxtəlif şəhərlərində rejimin siyasətinə qarşı zaman-zaman etirazlar baş verir, insanlar küçələrə axışır, şüarlar səsləndirirlər. Zaman keçir, bu şəhərlərdə nisbi sakitlik bərqərar olur və rejimə elə gəlir ki, növbəti təhlükə də sovuşur. Əslində rejim üçün təhlükə sovuşmayıb, çünki Tehran və Qum baş verənlərdən nəticə çıxarmırlar, əksinə repressiyaları gücləndirməyə çalışır, həbslərin sayını artırırlar. İranı idarə edənlər Urmiyada baş verənlərə səssizdirlər, halbuki, Güney Azərbaycanın bu şəhərində baş verənlərin Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var. Yəqin düşünürlər ki, Urmiya sakinləri bir neçə gün şüarlar səsləndirib evlərinə çəkiləcək və gündəlik sosial problemlərinin həlli ilə məşğul olacaqlar. Ancaq hesablarının yanlış çıxacağını ehtimal etmirlər. İndi 1979-cu il deyil ki, İrandakı xalqları hansısa ortaq düşmənə qarşı mobilizə etmək mümkün olsun. ABŞ və İsraillə artan gərginlik İraqla 8 illik müharibədən fərqlənəcək".