İranın fars-molla rejiminin Güney Azərbaycanda kürd kartını gücləndirməsinə qarşı Urmiyada Azərbaycan türkləri ayağa qalxıb. Urmiyada keçirilən aksiyalarda yüzminlərlə soydaşımız iştirak edib. Aksiya iştirakçıları “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb”, “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz” və “Azərbaycan oyaqdır, kürdlər bizə qonaqdır” şüarlarını səsləndiriblər. Etiraz aksiyalarından yayılan görüntülər soydaşlarımızın doğma Azərbaycanın hər bir qarışını müdafiə etməkdə qətiyyətli olduqlarını göstərir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli bildirib.
O qeyd edib ki, Güney Azərbaycanda belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı aylar öncəsi dəfələrlə xəbərdarlıq edib:
“Milli kimliyini və çoğrafi Azərbaycan faktorunu önə çəkən Məsud Pezeşkianın prezident seçkilərində qələbəsinin fars-molla rejiminin sinir mərkəzlərini hərəkətə keçirəcəyini proqnozlaşdırmaq çətin deyildi.
İndi fars-molla rejimi kürdləri təxribatlara sövq etməklə bir zamanlar Moskvanın Quzey Azərbaycanda oynadığı erməni kartının kürd variantını Güney Azərbaycanda oynamağa çalışır. Erməni kartı ilə Quzey Azərbaycanı istiqlaliyyət və demokartiya uğrunda mübarizədən yayındırmağa çalışan Moskvanın ssenarisinin eynisini fars-molla rejiminin sinir mərkəzləri Güney Azərbaycanda kürdlərin əli ilə oynamağa başlayıb. Suriya və İraqdakı bir sıra kürd millətçiləri də bu prosesdə vaxtilə Zori Balayan(lar)ın oynadığı rolu oynayırlar. İranda azərbaycanlıların sayını azaltmağa, kürdlərin sayını artırmağa çalışan bu şəxslər ermənilər kimi uydurma tarix də yaratmağa girişiblər.
Halbuki dünyada ən çox danışılan 100 dili müəyyənləşdirmək üçün 1996-cı ildə aparılmış və 1999-cu ildə yenilənmiş “Etnoloq: Dünya dilləri” (Ethnologue: Languages of the World) araşdırması zamanı İranda 24 364 000 nəfərin doğma dilinin Azərbaycan dili (Cənub ləhcəsi) olduğu müəyyən edilib. Həmin araşdırmanın nəticələrinə görə, 1999-cu ildə İranda farsdillilərin sayı Azərbaycan dilində danışanlardan 84 000 nəfər azdır - 24 280 000 nəfər. Yəni İranda Azərbaycan türkləri çoxluq təşkil edirlər.
Həmin araşdırılmanın aparıldığı 1999-cu ildən bəri İranın əhalisi 23.29 milyon nəfər və ya 36% artaraq, 2023-cü ildə 87.76 milyon nəfərə çatıb. Soydaşlarımızın da təxminən 36 faiz artdığını qəbul etsək, bu o deməkdir ki, 1999-cu ildə sayı 24 364 000 nəfər olan azərbaycanlıların sayı 8 771 040 nəfər artaraq, 2023-cü ildə 33 135 040 nəfər olub.
Elmi tədqiqat olan “Etnoloq: Dünya dilləri” araşdırmasına ana dilində danışanların sayı 7 milyondan çox olan xalqlar cəlb edilib. Həmin araşdırmaya görə, yalnız Türkiyədə kürd dilini ana dili hesab edən 7 milyondan çoxdur. İran, İraq və Suriyada kürd dilini ana dili hesab edənlərin sayı az olduğu üçün siyahıya daxil edilməyib.
İranla bağlı ən dəqiq məlumatlara malik olan İsrailin dövlət adamları İranda azərbaycanlıların sayının 35 milyonla 45 milyon arasında olduğunu və İran əhalisinin ən azı 40 faizindən çoxunu təşkil etdiyini qeyd edirlər. İndi isə kürd millətçiləri erməni və rusların bir vaxtlar yaydıqları məlumatı təkrarlayaraq, İranda Azərbaycan türklərinin cəmi 17 faiz olması ilə bağlı yalanları tirajlayırlar”.
Politoloq xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış və Azərbaycan xalqının həyati maraqlarına qarşı olan dünya nizamı artıq dağılıb:
“Yeni dünya nizamının formalaşmağa başladığı bu günlərdə Azərbaycan xalqının bir gözü Güney Azərbaycanda, bir gözü Şimal torpaqlarımızda (Dərbənd) baş verənləri izləməlidir. Ən azı qarşıdakı 75-100 ilin düzənini müəyyən edəcək proseslərin getdiyi bir zamanda bizim ilk vəzifəmiz məhz budur. Əks halda yeni dünya düzənin formalaşması zamanı xalqımızım həyati maraqlarını təmin etmək mümkün olmayacaq”.