“Son vaxtlar bir kampaniya şəklini almışdı və Azərbaycanda rusdilli məktəb və siniflərin kütləvi şəkildə artırılması halları baş verirdi. Belə tendensiya dövlət üçün olduqca böyük bir təhlükədir. Sözsüz ki, bunun qarşısı alınmalıdır...”
“Fikrimcə, Azərbaycanda rus dilinə qarşı ümumi siyasət dəyişməlidir. Birdən-birə inzibati qaydada nələrisə dəyişib baltanı kökündən vurmaq da olmaz. Təbii ki, dövlət idarələrində dövlət dili olaraq Azərbaycan dili işlənməlidir, özgə dilin işlənməsi həm də qeyri-qanunidir. Məktəblərə gəldikdə isə hər hansı bir vətəndaş istədiyi dildə təhsil ala bilər və buna qadağa qoyulmamalıdır. Ancaq dövlət yalnız Azərbaycan dilində fəaliyyət göstərən məktəbləri maliyyələşdirməlidir”.
QAZİLER.AZ bildirir ki, bu fikirləri Moderator.az əməkdaşının “Rusiyanın səbəb olduğu məlum təyyarə faciəsindən sonra Azərbaycanda rus dilinin müəyyən dairələrdə hökmranlığını aradan qaldırmaq, rusdilli məktəblərin bağlanması və s. haqda fikirlər səslənir. Buna sizin münasibətiniz necədir?” sualını cavablandırarkən Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov dilə gətirib.
“Ölkədə rus, ingilis, fransız və s. dillərdə də məktəblər ola bilər. Amma onlar özlərini maliyyələşdirən, özəl məktəblər olmalıdır. Yəni onlar dövlət tərəfindən maliyyələşdirilməməlidir. Və bu keçidi də tədricən etmək lazımdır. Çünki son vaxtlar bir kampaniya şəklini almışdı və Azərbaycanda rusdilli məktəb və siniflərin kütləvi şəkildə artırılması halları baş verirdi. Belə tendensiya dövlət üçün olduqca böyük bir təhlükədir. Sözsüz ki, bunun qarşısı alınmalıdır. Ancaq dediyim kimi, baltanı kökündən vurmaq və bununla Kremlin əlinə bir bəhanə də vermək olmaz. Çünki Ukraynaya hücumun səbəblərindən biri o idi ki, guya Rusiya oradakı rusdilli əhalini Ukrayna hökumətinin təzyiqlərindən müdafiə edirdi. Yəni bu cür bəhanəni Azərbaycan üçün də vermək olmaz. Lakin dövlət dilinin təbliğini gücləndirmək, dövlət məktəblərinin yalnız Azərbaycan dilində olmasını təmin etmək bu prosesi yumşaq şəkildə həll etməyə imkan verər”, -deyə davamında istiqlalçı depuatat diqqətə çatdırıb.