İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə araşdırması yekunlaşmaq üzrədir.
QAZİLER.AZ “Qafqazinfo"-ya istinadən verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas müdafiə çıxışları ilə davam edib.
Fazil Qasımovun vəkili məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. Müdafiəçi nitqində əsaslarını hakimlərin diqqətinə çatdırıb.
Çıxışlar mərhələsi bitdikdən sonra Anar Əliyev son söz deyib. O, məhkəmədən barəsində humanist hökm çıxarılmasını xahiş edib.
Fazil Qasımov isə son sözdən əvvəl vəkili ilə konfidensial ünsiyyət yaradılmasına icazə istəyib. Bu səbəbdən prosesə 20 dəqiqə fasilə verilib.
Qasımovun hər dəfə uzun çıxışlar etməsi və çoxsaylı vəsatətlər qaldırması birgə ittiham olunduğu Anar Əliyevin narazılığına səbəb olub. Bundan əvvəlki iclasda o, “bura ancaq Fazil Qasımovun vəsatətlərinə qulaq asmaq üçün yığışırıq. Xahiş edirəm, məhkəmə yekunlaşsın. Bu adam işi qəsdən uzadır, ürəyim sıxılır” , - deyə etiraz etmişdi.
Bu dəfə də F.Qasımov vəkili ilə söhbətindən sonra son sözünün kifayət qədər uzun olduğunu bildirib. Eyni vəziyyət Anarın yenə narazılığına səbəb olub. O, bu dəfə də “Məhkəməni yekunlaşdırın artıq” deyə şikayətlənib.
İş vaxtı bitdiyindən Qasımovun son sözü yarımçıq qalıb. Növbəti iclas gələn həftəyə təyin edilib.
Qeyd edək ki, Prokuror Fazil Qasımovun 10, Anar Əliyevin 6 il azadlıqdan məhrum edilməsini tələb edir.
Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Eyni cinayət əməlinə görə təqsirləndirilən professor Qubad İbadoğlu isə həbs edildikdən bir neçə ay sonra nəzarət şərti ilə azadlığa buraxılıb.