Əksər müəssisə və təşkilatlarda mühasibat uçotunun səviyyəsi qənaətbəxş deyil - DİM rəsmisi

Əksər müəssisə və təşkilatlarda mühasibat uçotunun səviyyəsi qənaətbəxş deyil - DİM rəsmisi backend

Ölkəmizdə fəaliyyət göstərən müəssisə və təşkilatların əksəriyyətində mühasibat uçotunun səviyyəsi qənaətbəxş deyil.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) PHŞ PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdulla bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.

O bildirib ki, bunun əsas səbəbləri maliyyə savadlılığının yetərincə olmaması, insan resurslarının idarəetmə sistemində lazımi keyfiyyətin olmamasıdır:

"Həmçinin, bu sahəni tənzimləyən qanun, qayda və mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Bu məsələnin həll olunması üçün ilk növbədə maliyyə savadlılığını artırmaq və uyğun insan resurslarının idarəetmə sisteminə axın etmək lazımdır. Maliyyə savadlılığının artırmaq üçün isə biz ilk növbədə bilməliyik ki, hansı bilgilərimiz zəifdir, hansı istiqamətdə özümüzü təkmilləşdirməyə ehtiyac vardır.

Bu istiqamətdə peşəkar mühasib sertifikatı imtahanları olduqca əhəmiyyətlidir. Bu imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi də şəffaflığın təmin olunması üçün əhəmiyyətlidir".

"Bu günə qədər bu istiqamət üzrə imtahanlarda 6 710 nəfər imtahanların birinci mərhələsində, 6 845 nəfər isə ikinci mərhələsində iştirak edib. Təkcə 2024-cü ildə bu imtahanların birinci mərhələsində 3950 nəfər, 3846 nəfər isə imtahanın ikinci mərhələsində iştirak edib. Bu da əvvəlki 3 ildə imtahan iştirakçıları sayının təxminən yarısı deməkdir", - deyə F.Abdulla əlavə edib.

Diaspora