“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla Sahil Babayevin Maliyyə naziri, Anar Əliyevin isə Əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunması ölkəmizdə peşəkar kadr potensialına verilən yüksək dəyərin və dövlət idarəçiliyində səmərəliliyin bariz nümunəsidir".
QAZİLER.AZ "EDnyus"-a istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetində həyata keçirilən yeni təyinatlara münasibət bildirərkən deyib. Hər iki yeni nazirin yüksək potensialına və daha əvvəl dövlət idarəçiliyinə verdiyi töhfələri vurğulayan U.Mirzəyev əlavə edib:
"Heç bir uğur təsadüfi deyil. Hər iki təyinat onların dövlət qulluğunda uzun illər ərzində sərgilədikləri peşəkarlığın, yüksək məsuliyyətin və Azərbaycan dövlətinin inkişafına verdikləri töhfələrin nəticəsidir. Bu, həm də cənab Prezidentin onlara olan yüksək etimadının və diqqətinin göstəricisidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasının sədri kimi fəaliyyət göstərdiyim dövrdə hər iki şəxslə yaxından əməkdaşlıq etmişəm və bir vətəndaş cəmiyyəti təşkilatının rəhbəri kimi onların peşəkar yanaşmasını, dövlət siyasətinin icrasında göstərdikləri prinsipiallığı və vətəndaş rifahına yönəlik səmərəli təşəbbüslərini yüksək qiymətləndirirəm.
Hər iki naziri səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram!”
Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fevralın 6-da imzaladığı sərəncamla Sahil Babayev Maliyyə Naziri təyin olunub. Onun yerinə isə "Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri" vəzifəsinə prezidentin Fevralın 7-də imzaladığı sərəncamla daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsini icra etmiş Anar Əliyev təyin olunub.