"Vətəndaşın razılığı yoxdursa, heç kimin səsvermə günü seçki məntəqələrində onu çəkmək hüququ yoxdur".
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında sədr Məzahir Pənahov deyib
O əlavə edib ki, bu kimi hallar MSK-nı çəkiliş prosesinin tam qadağan olunmasına vadar edə bilər: "Belə şəxslər özlərinə bəraət qazandırırlar. Hesab edirəm ki, bu cür hallar olmamalıdır. Kimsə nədənsə narazıdırsa, bu barədə müvafiq akt tərtib edə bilər. Mərkəzi Seçki Komissiyası olaraq hesab edirik ki, sosial şəbəkələrin imkanlarından istifadə etmək ümumi trend kimi qəbul edilir. Lakin xüsusilə media nümayəndələri belə şəxslərə bildirməlidir ki, analoji hallara yol vermək olmaz. Əslində, media nümayəndələrinin icazəsiz olaraq seçki məntəqələrinə daxil olmaq hüququ yoxdur. Amma biz özümüz buna şərait yaratmışıq. Sizə və müşahidəçilərə içəridə çəkiliş aparılmasına yaradılan şərait müstəsna haldır. Ümumilikdə, hesab edirəm ki, son dövrlər məntəqələrdə baş verən hadisələrdə artıq sivil münasibətlər özünü göstərir. Bu isə Mərkəzi Seçki Komissiyasının bu sahədə apardığı maarifləndirmə tədbirlərinin nəticəsidir".