Seysmoloji Xidmət: Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur.
Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır.
QAZİLER.AZ Milli.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
"Xəzər dənizində son iki gündə baş verən (ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib.
Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.
Qeyd edək ki, son iki gündə Xəzər dənizində 3,1 və 3,5 maqnitudalı zəlzələ baş verib.