“ABŞ Prezidenti Donald Tramp bir tərəfdən ölkəsinin xərclərini azaltmaq istəyir, digər tərəfdən süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan edib. Söhbət “Stargate” adlandırılan layihədən gedir. Bu layihəyə bir neçə iri şirkət cəlb olunub. “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir” deyən Tramp bu layihənin icrası üçün gərəkən infrastruktur yaradılacağını deyib. Bu məqsədlə Texas ştatında tikinti işləri artıq başlanıb, əlavə kampuslar tikilməldir. Əslində Amerikada texnoloji şirkətlər Kaliforniya ştatında yerləşir. Texas ştatı texnoloji investisiyalar üçün yeni məkana çevrilməlidir”.
QAZİLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O əlavə edib ki, Trampın yaxın tərəfdarı “X” sosial platformasının sahibi milyarder İlon Maskın Çin tətbiqi “TikTok”u satın almaq imkanını nəzərdən keçirməyə hazır olduğu bildirilib. Tramp bu ideyanı dəstəkləyir. Hələliksə, Ağ Evin yeni sahibi bütün diqqətini yeni layihəyə yönəldib. Tramp layihənin icrasına dərhal başlamaq istəyir. “Layihənin icrasında dərhal başlamaq lazımdır” deyən Tramp “Stargate” vasitəsilə virtual infrastruktur qurmaq və nəhəng məlumat mərkəzlərinin tikintisini nəzərdə tutub. Müxtəlif hesablamalara görə, yeni layihə təxminən 100 min yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir”.
Politoloq əlavə edib ki, Tramp yeni layihə vasitəsilə Çini texnoloji sahədə sıxışdırmağı da planlaşdırır: ““Çin bizim rəqibimizdir” deyən Ağ Ev sahibi Pekini qabaqlamağa çalışır. Məlumdur ki, Çin də texnoloji sahələrə investisiyaların həcmini ildən-ilə artırır. Aparıcı dövlətlər süni intellekt bazarında fəallaşıblar. Çində süni intellektin bazar dəyərinin 2026-cı ilə qədər 26,44 milyard ABŞ dollarına çatacağı gözlənilir. Mütəxəssislərin fikrincə, süni intellekt bazarına ayrılan xərclərin 14,75 milyard ABŞ dollarına çatacağı və bunun dünya ümumi həcminin təxminən 10 faizini təşkil edəcəyi təxmin edilir. Tramp bu səbəbdən bu bazarda ölkəsini irəli çıxarmağa çalışır”.