“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Davosda görüşün baş tutmamasının əsas səbəbləri qlobal və regional geosiyasi vəziyyətin hələ tam olaraq aydınlaşmaması ilə bağlıdır”.
QAZİLER.AZ bildirir ki, bu fikirləri Musavat.com-a siyasi şərhçi Azər Hüseynov bildirib.
O qeyd edib ki, hazırda dünyada güc balansı qeyri-müəyyənliklə xarakterizə olunur:
“Xüsusilə, ABŞ-də Donald Tramp administrasiyasının xarici siyasət kursunun tam oturuşmaması bu məsələdə mühüm rol oynayır. Tramp administrasiyasının Rusiya ilə münasibətləri və bu əlaqələrin ümumi beynəlxalq siyasi nizamda hansı dəyişikliklərə səbəb olacağı hələ dəqiq deyil. Azərbaycan rəhbərliyi bu cür qeyri-müəyyən şəraitdə hər hansı bir strateji addımın və ya danışıqların effektivliyinin aşağı olacağını başa düşür. Qlobal güclərin, o cümlədən ABŞ və Rusiya kimi əsas oyunçuların yaxın 5 il üçün müəyyən edəcəkləri strategiyalar ortada olmadan Ermənistan ilə birbaşa görüşlərin praktik olaraq ciddi nəticələr vermə ehtimalı zəifdir”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın mövqeyi regional və qlobal aktorlar arasında münasibətlərin aydınlaşmasını gözləmək, strateji səbr göstərmək və növbəti addımları bu şəraitdə müəyyən etməkdən ibarətdir:
“Digər tərəfdən, Ermənistanın hazırkı rəhbərliyinin Azərbaycanın regional və beynəlxalq maraqlarına qarşı sərgilədiyi bəzi mövqelər də danışıqların mənasını şübhə altına alır. Azərbaycan Paşinyanın populist yanaşmalarını və mövcud vəziyyətdə ikitərəfli görüşlərin yalnız formal xarakter daşıma ehtimalını da nəzərə alır. Bundan əlavə, Azərbaycan Ermənistan rəhbərliyinin ciddi və konstruktiv mövqe nümayiş etdirməsi üçün daha əlverişli şərtlərin formalaşmasını gözləməyi üstün tutur.
Beləliklə, Azərbaycan Davos kimi beynəlxalq platformalarda məsələlərin müzakirəsinə açıq olsa da, qlobal və regional güclərin mövqelərinin və strategiyalarının aydınlaşmadan Ermənistanla birbaşa görüşlərin yalnız simvolik xarakter daşıya biləcəyini yaxşı anlayır. Bu səbəbdən vəziyyətin inkişafını gözləməyi daha rasional yanaşma kimi qiymətləndirir”.