Zatulin keçmiş Qarabağ separatçıları ilə daim münasibət saxlayıb və onlardan yararlanıb - RƏY

Zatulin keçmiş Qarabağ separatçıları ilə daim münasibət saxlayıb və onlardan yararlanıb - RƏY backend

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin keçmiş Qarabağ separatçıları ilə daim münasibət saxlayıb və iqtisadi cəhətdən onlardan yararlanan deputat olub.

QAZİLER.AZ bildirir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, Konstantin Zatulin həmişəki kimi yenə öz ampluasındadır: “Ermənipərəst mövqeyi ilə tanınan Zatulin vaxtilə Qarabağa olan qeyri-qanuni səfərləri, eləcə də İkinci Qarabağ Müharibəsi dövründə qərəzli çıxışları ilə diqqət çəkib.

A.Nağıyevin sözlərinə görə, digər bir məqam onun Soçidən seçilməsidir: “Hamıya məlumdur ki, bura ermənilərin daha çox yaşadığı ərazidir. Erməni xüsusi xidmət orqanlarının nəzarəti altında olan ərazidən seçilən deputat, təbii ki, ermənilərin tərəfini saxlamalıdır. Onlar vaxtilə Qarabağ ərazisində separatizmə meyilli insanlardan istifadə edərək iqtisadi cəhətdən varlanmaq niyyətində olublar”.

O qeyd edib ki, Azərbaycana məxsus əraziləri talan edən həmin şəxsləri daim gündəmdə saxlamaqla zatulinkimilər özlərinin də varlanması istiqamətində ciddi addımlar atıblar.

“Onların niyyətində heç vaxt vətənpərvərlik hissləri olmayıb. Təəssüf doğuran məqam odur ki, o, bu çıxışları Rusiya Dövlət Dumasının nümayəndəsi kimi edir. Zatulin separatçı rəhbərlər olan Bako Saakyan, Arkadi Qukasyan və digərlərini öz dostu kimi təqdim etməklə bir daha separatizm meyillərini gündəmə gətirir. Həmin şəxslər bu gün məhkəmə qarşısında etdikləri cinayətləri özləri belə etiraf etməsinə baxmayaraq, zatulinkimilər onları günahsız kimi təqdim etməkdən çəkinmir”, - komitə sədri vurğulayıb.

O əlavə edib ki, hər kəs məhkəmələri davam edən həmin separatçıların cinayətlərinin sübuta yetirilməsinin şahidi olacaq: “Zatulinkimilər bu separatçıları guya lokal antiterror əməliyyatlarından sonra Ermənistana könüllü getmiş şəxslər kimi təqdim edir. Məlumdur ki, Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyan başda olmaqla Zatulin və onun kimilərinin siyasətini qəbul etmir”.

“Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil daxili və xarici siyasət, təbii ki, Zatulin kimilərini razı sala bilməz”, - deyən A.Nağıyev qeyd edib ki, Zatulin öz xoşbəxtliyini bir qrup insanın bədbəxtliyi üzərində qurmağa çalışan siyasətçi kimi tanınır.

“Bu gün bunu bütün siyasətçilər, hətta ermənilərin özü başa düşür ki, Zatulinin işi ancaq ara qızışdıraraq yenidən bu problemləri gündəmə gətirməklə Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinə xələl gətirməkdir. Hesab edirəm ki, Paşinyan hakimiyyəti, eyni zamanda digər siyasətçilər onun cavabını verir. Əsas məqam odur ki, bu gün zatulinkimiləri sülh deyil, əksinə, yaranmış vəziyyətdən istifadə etməklə öz şəxsi mənafelərini bərpa etmək maraqlandırır”, - o əlavə edib.

Qeyd edək ki, K.Zatulin Azərbaycanda həbsdə olan və hərbi cinayətkarlıqda təqsirləndirilən erməniəsilli şəxslərin onun dostları olduğunu bildirib. Zatulin, həmçinin onların azad olunması üçün beynəlxalq təşkilatları Azərbaycana təzyiqləri artırmağa çağırıb.

Diaspora