Deputat: 20 Yanvar xalqımızın milli azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib

Deputat: 20 Yanvar xalqımızın milli azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib backend

Müasir Azərbaycan tarixinə ən faciəli günlərdən biri kimi daxil olan 20 Yanvar xalqımızın qəhrəmanlığının, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

QAZÍLER.AZ  bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.

“Otuz beş il əvvək təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun amansız hücumu xalqımızın azadlıq əzmini qıra bilmədi, əksinə, onun haqq səsini daha ucadan bəyan etdi. Vətənpərvər Azərbaycan övladları həmin dəhşətli gecədə canlarını doğma Vətənin müstəqilliyi yolunda qurban verərək şəhidlik zirvəsinə ucaldılar”, - deyə deputat vurğulayıb.

M.Qasımlı qeyd edib ki, həmin illərdə azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasını reallaşdırmaq, Dağlıq Qarabağı Ermənistana birləşdirmək cəhdləri xalqımızın ciddi etirazına səbəb olmuşdu. Sadə insanlar küçələrə axışaraq, milli birlik nümayiş etdirərək bu cəhdlərin qarşısını almağa, haqq səsimizin eşidilməsinə, ədalətin bərqərar olmasına çalışırdı. Keçmiş sovet rəhbərliyi ermənilərin bu iddialarının qarşısını almaq, gərginliyi azaltmaq əvəzinə Bakıya və ölkəmizin bir sıra bölgələrinə qoşun yeritməyi qərara aldı. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə icra olunan bu dəhşətli faciə 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması ilə nəticələndi. Bu faciə xalqımızın Sovet imperiyasına olan nifrətini daha da artırdı və beləliklə, İttifaq Azərbaycandakı bütün dayaqlarını itirdi.

“Xalqımızın Ümummilli Lideri Heydər Əliyev faciədən dərhal sonra öz həyatını böyük təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış etdi, bu dəhşətli faciəyə siyasi qiymət verdi, xalqının yanında olduğunu bütün dünyaya bəyan etdi. Bütün maneələrə baxmayaraq, Ulu Öndərin tarixi müraciəti bütün dünyaya yayıldı. İnformasiya blokadasının hökm sürdüyü bir vaxtda məhz Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində beynəlxalq birlik bu cinayət barədə məlumatlandırıldı”, - deyə deputat bildirib.

O xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, 1994-cü il martın 29-da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərarlar qəbul edildi. 1990-cı ilin 20 Yanvarının Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olduğunu deyən Ulu Öndər illər ötdükcə bu günün daha dərindən dərk ediləcəyini bildirirdi. Bəli, otuz beş il əvvəl baş vermiş bu ağır faciə xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi olmaqla, milli kimliyimizin formalaşmasına, həmrəyliyimizin möhkəmlənməsinə mühüm təkan verdi.

M.Qasımlı bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf konsepsiyası Azərbaycanı 1990-cı illərin əvvəllərində üzləşdiyi böhrandan, məhv olmaq təhlükəsindən xilas etdi, onu tərəqqi yoluna çıxardı, ölkəmizin parlaq gələcəyinin təminatçısı oldu. Ulu Öndərin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz böyük və tarixi uğurlara imza atdı. Ermənistanın işğalçılıq siyasətinə son qoyan, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edən Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.

Diaspora