Erməni diasporu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə maksimum zərər vurmaq cəhdlərindən əl çəkmir ki, bu da region reallıqlarını təhrif etmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyində özünü göstərir.
QAZÍLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın ingilis dilində “İnsights Beyond Borders, Turkey-Armenia Relations Through Public Eyes” adlı hesabat hazırlayan Hrant Dink Fondunun fəaliyyətinə diqqət çəkib.
Türkiyədə fəaliyyət göstərən və erməni jurnalistin adını daşıyan bu fondun hesabatında həm Türkiyədə, həm də Ermənistanda keçirilən ictimai rəy sorğularının məlumatları yer alıb.
“Adətən, bu qəbildən olan layihələr iki xalqın yaxınlaşmasına töhfə verməlidir. Lakin məzmun və nəticələr bunun əksini göstərir”, - deyə ekspert vurğulayır və Türkiyədə fəaliyyət göstərən erməni fondunun Türkiyə vətəndaşları tərəfindən Ermənistanı mənfi şəkildə və qarşı tərəfin də adekvat qəbul etməsinə səbəb olduğunu izah edir.
O qeyd edir: “Fond tərəfindən aparılan sosial sorğunun nəticələrinə görə, Ermənistanda ən çox respondent (38,9 faiz) Türkiyəyə mənfi münasibət ifadə edərkən, onların yalnız 5,3 faizi ikitərəfli münasibətlərin normallaşmasının tərəfdarı olduğunu bildirib. Ümumilikdə, Türkiyədə respondentlərin 38,9 faizi ermənilər haqqında mənfi fikirdədir”. AVİM eksperti hesabata istinadla bildirir ki, türklərin daha 11,1 faizi Ermənistan haqqında “son dərəcə mənfi” fikirlər səsləndirib.
S.E.Yalçın yazır: “Bundan əlavə, Hrant Dink Fondu Türkiyə və Ermənistan sakinlərinin sərhədlərin açılmasına münasibətini əsas gətirib. Fondun məlumatına görə, Ermənistanda respondentlərin 37,8 faizi keçid məntəqəsinin açılmasının əleyhinədir, 20,6 faizi isə “aşağı dərəcədə dəstəkləyir. Eyni suala Türkiyədə ən çox respondent “dəstəkləmirəm” variantını (27,2 faiz) seçərək cavab verib”.
Eyni zamanda, Ermənistanda respondentlərin 43,3 faizi Türkiyə ilə gələcək münasibətlərin “tarixi hadisələrin yaddaşında saxlanılması” nəzərə alınmaqla qurulmalı olduğunu bildirib. Bənzər cavabı Türkiyədə respondentlərin 45,4 faizi verib.
Ekspert qeyd edir ki, Hrant Dink Fondunun hesabatını oxuyan hər bir Türkiyə vətəndaşı Ermənistandan hədsiz dərəcədə ehtiyatlı olmağı üstün tutardı.
O, Hrant Dink Fondu hesabatının mətnində BMT-nin təsdiq etdiyi “Türkiye” adı əvəzinə bilərəkdən Türkiyənin köhnə adının (“Turkey”) istifadə edildiyinə də diqqət çəkib.