Milli-mənəvi dəyərlərimizin sosial şəbəkələrdə itirilməsinin qarşısını almalıyıq - Açıqlama

Milli-mənəvi dəyərlərimizin sosial şəbəkələrdə itirilməsinin qarşısını almalıyıq - Açıqlama backend

Azərbaycan zəngin milli, əxlaqi və mənəvi dəyərlərə malik qədim dövlətdir. Ölkəmiz bəşər sivilizasiyasına bu istiqamətdə əvəzsiz töhfələr vermiş, milli adət-ənənələrini qorumaq, gələcək nəsillərə ötürmək və yüksək mənəviyyatı ilə daim diqqət mərkəzində olmuşdur. Min illər boyu formalaşan milli adət-ənənələrimiz millətimizin keçmişi, bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Milli-mənəvi dəyərlərimizin dövlətçiliyimizin möhkəmləndirilməsində də mühüm əhəmiyyət kəsb etdiyi xüsusi qeyd edilməlidir. Son vaxtlar sosial şəbəkələrdə baş verən bəzi xoşagəlməz hadisələr bir daha təsdiqləyir ki, gənclərimiz arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində daha çox maarifləndirilmə işləri görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb.

QAZÍLER.AZ xeber verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi yaxın vaxtlarda Daxili İşlər Nazirliyinin Baş İdarəsi tərəfindən sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyata münasibət bildirərək deyib ki, bu, vaxtında atılmış bir addımdır: “Artıq sosial şəbəkələrdə, xüsusilə, “Tik-Tok”da cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaq, internet vasitəsilə onlayn qumar oyunları təşkil etmək və digər bu kimi vasitələr milli-mənəvi dəyərlərimizə, yetişən gənc nəslin əxlaqına ciddi zərbə vurur, azərbaycançılıq ideyasına ləkə gətirir. Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizə zidd olan və oyunların təşkil olunmasının qarşısının alınmasını yüksək dəyərləndirirəm, DİN-in bu istiqamətdəki əməliyyatları alqışa layiqdir. Unutmamalıyıq ki, bir milləti digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də onun milli-mənəvi dəyərləridir. Hər birimiz fəxr etməli, qürur duymalıyıq ki, bizim böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətənimiz var. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

Ç.Qənizadə deyib ki, son vaxtlar müxtəlif televiziya və internet kanallarında baş alıb gedən özbaşınalıq, efir, danışıq mədəniyyəti olmayanları telekanallara toplamaq sonda milli dəyərlərimizin aşağılanmasına gətirib çıxarır.

Reytinq və daha çox izləyici toplamaq xatirinə özünü idarə edə bilməyənləri efirlərə çıxarmaq yetişən gənc nəslin əxlaqına pis təsir göstərir, eyni zamanda, adət-ənənələrimizi gözdən salır. Təəssüf edirik ki, “bu şoudur” - deyib pul xatirinə tərbiyəsizliyə cəlb edilən qızlara, mənəviyyatımızı ayaq altına atanlara bahalı hədiyyələr göndərib onları daha da azğınlaşdırırlar. Gündən-günə pisləşən belə verilişlərə son qoymağın vaxtı çatıb. Söz yox ki, hazırda milli və mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Biz milli-mənəvi dəyərlərimizin sosial-şəbəkələrdə itirilməsinin qarşısının alınmasında, adət-ənələrimizin qorunub saxlanılmasında hamılıqla mübarizə aparmalıyıq.

“Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Respublikamızın dünya birliyindəki reytinqi gündən-günə artır. Belə bir zamanda milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin aşağılanmasına yol verən, azərbaycançılıq ideyasına yad olan belə verilişlərin qarşısının alınmasını vacib hesab edirəm. Məhz bu baxımdan DİN-in keçirdiyi əməliyyatı çox uğurlu hesab edirəm”, - deyə hüquq müdafiəçisi bildirib.

 

 

Diaspora