“AnewZ” telekanalı dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin eksklüziv fotolarını yayımlayıb.
QAZÍLER.AZ Publika.az-a istinadən xəbər verir ki, təyyarənin gövdəsinin daxilindən çəkilmiş fotoşəkillərdə kənar müdaxilə ilə uyğun gələn xəsarət əlamətləri aydın görünür.
O cümlədən, qəlpə izləri aydın görünür ki, bu da quşların turbinə girməsi və ya təyyarənin yanacaq çəninin partlaması kimi ilkin versiyaları şübhə altına salır.
Telekanal qeyd edib ki, Azərbaycan hökumətindəki mənbələrin məlumatına görə, ilkin araşdırmalar təyyarənin Qroznıya yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemindən atılan raketlə vurulduğunu göstərir.
Daha əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev raket zərbəsinin olduğunu təsdiqləsə də, raketin növü məlum deyildi.
Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində bildirib ki, təyyarə Rusiya ərazisi üzərində bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən bilmədən vurulub. O, Rusiya tərəfindən təqsiri tam etiraf etməyi, günahkarların cəzalandırılmasını, həlak olanlara və onların ailələrinə təzminat ödənilməsini tələb edib.
38 nəfərin öldüyü insidentlə bağlı istintaq davam edir