Rusiya Prezident Akademiyasında görkəmli azərbaycanlı hüquqşünas alim, Rusiya prezidenti Vladimir Putinin müəllimi olmuş Cahangir Kərimovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
QAZÍLER.AZ APA-ya istinaden xəbər verir ki, tədbirdə Akademiya rektorunun müşaviri Viktor Zorin, prorektorları Sergey Myasoedov və Aleksey Spirin, "Biz Rusiyanı sevirik” Beynəlxalq İctimai Hərəkatının Qəyyumlar Şurasının sədri Viktor Xmarin və digər dövlət orqanlarının, ictimai təşkilatların və elmi ictimaiyyətin nümayəndələri, Akademiyanın tələbələri və əməkdaşları iştirak ediblər.
Tədbirdə azərbaycanlı alimin həyatından, elmi yaradıcılığından söhbət açılıb. Qeyd olunub ki, Cahangir Kərimov öz dövrünün siması, Sovet İttifaqının görkəmli hüquqşünaslarından biri olub. Onun Sovet İttifaqında qanun və hüquq normaları yaradıcılığının inkişafına əvəzsiz töhfələr verdiyi bildirilib.
Tədbirin nəticəsi olaraq Qara Dəniz-Xəzər regionu Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimovun təşəbbüsü ilə Cahangir Kərimovun yaşadığı evdə xatirə lövhəsinin quraşdırılması üçün Sankt-Peterburq meriyasına müraciət etmək qərara alınıb.
Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub. Böyük Vətən Müharibəsinin iştirakçısı olan Kərimov 1946-cı ildə Ümumittifaq Hüquq İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb. 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru olub. O, hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub. C.Kərimov 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir.
Onu da qeyd edək ki, Cahangir Kərimov Rusiya prezidenti Vladimir Putinin müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov 2015-ci ildə, 92 yaşında vəfat edib.