Nazir müavini: "Azərbaycan ərazisinin 6 %-i səhralaşma təhlükəsi altındadır"

Nazir müavini: "Azərbaycan ərazisinin 6 %-i səhralaşma təhlükəsi altındadır" backend

Azərbaycan ərazisinin 15 %-i quraqlıq, 6 %-i isə səhralaşma təhlükəsi altındadır.

QAZÍLER.AZ  “Report”-a istinaden  xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda keçirilən “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfransda bildirib. Tədbir Azərbaycan və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Nazir müavini vurğulayıb ki, qlobal iqlim dəyişikliyi yağıntıların azalması və su qıtlığının artması ilə müşahidə olunur. Bu isə kənd təsərrüfatı sektoru üçün ciddi çətinliklər yaradır:

“Ölkəmizdə kənd təsərrüfatının inkişafı bir çox hallarda su təchizatının yaxşılaşdırılmasından asılıdır. Məhsul istehsalını artırmaq üçün mövcud su, torpaq və iqlim resurslarından daha səmərəli istifadə edilməli, iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri görülməli və müasir su təchizatı texnologiyalarından effektiv istifadə təmin olunmalıdır”.

Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında qeyd edib ki, qlobal istiləşmə və quraqlıq, xüsusilə aqrar sektora, dolayısı ilə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. O əlavə edib ki, kənd təsərrüfatı Naxçıvan iqtisadiyyatının əsasını təşkil edir və buna görə də ətraf mühitin qorunması, yaşıllıqların artırılması və su ehtiyatlarının səmərəli istifadəsi muxtar respublika üçün prioritet məsələlərdir.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova çıxışında bildirib ki, məqsəd COP29 konfransından sonra iqlim dəyişikliyi ilə bağlı tədbirlərin müzakirəsini aparmaqdır. O qeyd edib ki, iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq üçün praktik addımların atılması zəruridir.

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov vurğulayıb ki, COP29-a ev sahibliyi edən Azərbaycan qlobal ekoloji problemlərin həllinə mühüm töhfələr verir. O əlavə edib ki, ölkədə son 30 ildə orta illik havanın temperaturu 0,9 dərəcə artıb, yağıntılar isə 4 % azalıb. İqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə əlaqəli problemlərdir və kompleks şəkildə həll edilməlidir. Bu kontekstdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yüksək keyfiyyətli ekoloji mühitin təmin edilməsi mühüm vəzifə kimi müəyyən edilib.

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Bitkiçilik Departamentinin müdiri İhsan Emiralioğlu və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova çıxış ediblər. Onlar 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edərək bu tədbirlərin dayanıqlı inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini vurğulayıblar.

Konfrans çərçivəsində COP29 və Naxçıvanda həyata keçirilən “yaşıl enerji” layihələrinə dair videoçarxlar nümayiş olunub. Tədbir “Dayanıqlı kənd təsərrüfatı, qida və su təminatında iqlimin rolu” və “Elmi yanaşmalar və kadr potensialının artırılması” mövzularında panel müzakirələrlə davam edib.

Diaspora