Suriyada müharibə 14 ildir davam edir. Düzdür, son illərdə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə başqa dağıdıcı hadisələr Suriyanı arxa plana keçirib. Amma Suriyadakı son döyüşlər göstərdi ki, problem kifayət qədər ciddidir.
QAZÍLER.AZ Axar.az-a istinaden bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Təhrir əş-Şam”ın Hələb və İdlib istiqamətində hücumu və onlarla kəndlə birgə, Hələb şəhərini ələ keçirməsini şərh edərkən deyib.O
, Suriyanın parçalandığını diqqətə çatdırıb:
“Böyük dövlətlərin Suriyada müəyyən maraqları, bu maraqların üst-üstə düşən tərəfləri var. O cümlədən, qonşu Türkiyənin də Suriyada maraqları mövcuddur. Doğrudur, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Amma Suriya ərazisindən Türkiyə üçün təhlükə yaranmasını da istəmir. Əsas təhlükə də Suriyada PKK və PKK-ya bağlı olan terrorçu qruplardır ki, ölkənin böyük bir hissəsinə nəzarət edirlər. Neft yataqları onların nəzarətindədir, nefti satıb, silah alırlar. Buna son qoyulmalıdır. Ona görə Türkiyə bu məsələlərin həllinə çalışır. Amerika ilə hələ nəticəsi olmayan müəyyən danışıqlar aparılır. Rusiya da Əsəd rejimini dəstəkləyir. Belə vəziyyətdə aydındır ki, Suriyada bütün bu məsələləri həll etmək yaxın müddətdə çətin olacaq”.
O əlavə edib ki, indiki qarşıdurma, davam edən döyüşlər vəziyyətin daha da gərginləşə biləcəyini göstərir:
“Üstəlik, İsrail Hizbullahın mövqelərini Livanda xeyli zəiflətdi, komandir heyətinin çoxunu öldürdü. İndi atəşkəs razılaşması var ki, Hizbullah İsrailə qarşı heç bir həmlə həyata keçirməməlidir. Hizbullahın mövqelərinin zəifləməsi isə Suriyada özünü göstərir. Çünki Hizbullah Suriyada da fəal idi. Hizbullahın Livanda zəifləməsi ola bilsin ki, Suriyada antiəsəd qüvvələri hərəkətə keçməyə vadar edib”.