Paşinyan seçim qarşısında: sülh, yoxsa Makron?

Paşinyan seçim qarşısında: sülh, yoxsa Makron? backend

Son aylarda Ermənistan ilə Azərbaycan arasında diplomatik qarşıdurma daha da dərinləşib və Cənubi Qafqazda gərginlik artıb.

Fransada keçirilən Frankofoniya sammitində baş verən hadisələr iki ölkə arasındakı münasibətləri daha da qızışdırdı. Ermənistan beynəlxalq platformalardan istifadə edərək öz maraqlarını irəli sürməyə cəhd etdi ki, bu da Azərbaycanın kəskin reaksiyasına səbəb oldu.

4-5 oktyabr tarixlərində Frankofoniya Beynəlxalq Təşkilatının 19-cu sammiti keçirildi. 54 üzv dövləti bir araya gətirən bu tədbirdə Ermənistan da iştirak edirdi. Sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan Belçika Krallığının baş naziri Aleksandr De Kro ilə görüşdü. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə etdilər. Paşinyan Azərbaycanın “aqressiv ritorikası”nı qəbuledilməz adlandıraraq, Ermənistanın sülh prosesinə sadiqliyini vurğuladı.

Frankofoniya sammitində bəsit şou

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı saxta narrativlər yaymaqda və sülh prosesini pozmaqda ittiham etdi. Xüsusilə də, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş bəndlərin yekun bəyannaməyə daxil edilməsi cəhdi Bakı tərəfindən sərt tənqid olundu. Daha çox narazılıq yaradan məsələ Fransanın Ermənistanı bu cəhdlərində tam dəstəkləməsi oldu. Azərbaycan tərəfi bəyan etdi ki, Ermənistan ya normallaşma prosesini başa çatdırmalı, ya da hərtərəfli qarşıdurmanı davam etdirməlidir. Rəsmi açıqlamada vurğulandı: “Azərbaycan başladığı normallaşma prosesinə sadiqdir, Ermənistan isə seçim etməlidir: sülh yolu ilə gedəcək, yoxsa hərtərəfli qarşıdurmanı davam etdirəcək?”

Fransızdilli Ölkələr Birliyi (Organisation internationale de la Francophonie, OIF) XX əsrin ikinci yarısında qlobal siyasət səhnəsinə çıxdığı dövrdən etibarən Paris üçün strateji bir vasitə kimi dəyərləndirilirdi. Bu təşkilatın yaradılmasının arxasında duran əsas məqsəd fransız dilinin, mədəniyyətinin və xüsusilə Fransanın qlobal nüfuzunu qoruyub saxlamaq idi. Fəqət bu gün OIF Parisin gözləntilərini doğrultmur. Fransanın son illərdəki xarici siyasət fiaskoları, xüsusən də Afrika və Yaxın Şərq regionlarında OIF-in güclənə bilməməsinin əsas səbəblərindən biri olaraq ortaya çıxır. Bununla yanaşı, Fransa Prezidenti Emmanuel Makron OIF-in mexanizmlərindən öz şəxsi və geosiyasi məqsədləri üçün istifadə etməyə çalışır.

Makron OIF-i neçə dəfə uğursuzluğa düçar etdi?

2017-ci ildə hakimiyyətə gələn Emmanuel Makron Fransanın beynəlxalq nüfuzunu yenidən bərpa etmək üçün müxtəlif addımlar atmağa başladı. O, OIF-i fransız dilinin təbliği və fransız mədəniyyətinin qlobal təsirini artırmaq üçün əsas vasitələrdən biri kimi təqdim etdi. Lakin, təşkilatın resursları və real təsir gücü Parisin gözlədiyi nəticələri vermədi.

Makron, xüsusilə Afrikada, keçmiş fransız koloniyalarına nəzarəti saxlamaq məqsədilə OIF-i ön plana çıxardı. Məsələn, Fransanın Mərkəzi Afrika Respublikasında (MAR) olan hərbi müdaxiləsi və Malidə terrorla mübarizə adı altında həyata keçirdiyi siyasətlər OIF-in əməkdaşlıq mexanizmləri ilə birgə aparılsa da, real təsir gücü zəif qaldı.

Afrikalı siyasi analitik Ndongo Samba Sylla bu barədə bildirir: "Fransa Afrikada, xüsusən də fransızdilli ölkələrdə nüfuzunu qoruyub saxlamaq üçün OIF-dən bir alət kimi istifadə etməyə çalışsa da, bu təşkilat daha çox simvolik məna daşıyır və praktiki nəticələr çox azdır".

OIF: Geosiyasi ambisiyalar və reallıqlar

Fransanın xarici siyasəti ilə bağlı geosiyasi problemləri təkcə Afrika ilə məhdudlaşmır. Makronun idarəçiliyi altında OIF Latın Amerikası və Yaxın Şərqdə də fransız dilinin təbliği vasitəsilə fransız təsirini genişləndirməyə çalışsa da, bu regionlarda fransız dilinin təsiri olduqca zəifdir. Fransanın 2020-ci ildə Livanla bağlı geosiyasi təşəbbüsləri də OIF-in təsirini artırmaq cəhdlərindən biri kimi görülürdü, lakin bu səylər nəticəsiz qaldı.

Emmanuel Makronun çoxsaylı səfərləri və siyasi təşəbbüslərinə baxmayaraq, bu təşkilatın real gücü hələ də məhdud qalır. Makronun Livandakı uğursuzluğu bir daha sübut etdi ki, OIF siyasi dəyişikliklər və fransız təsirinin bərpası üçün yetərli bir mexanizm deyil. Fransanın təyin etdiyi Mişel Onin kimi rəhbərlər vasitəsilə təsir yaratmaq cəhdləri isə daxili siyasi gərginliklər və kənar güclərin müdaxiləsi səbəbilə iflasa uğradı.

Fransız politoloq Jan-Mark Arno (Jean-Marc Arnaud) vurğulayır: “OIF-in diplomatik arenada müstəqil bir güc olaraq çıxış etməsi üçün daha ciddi resurslar və strateji addımlar lazımdır. Parisin geosiyasi planları isə bu təşkilatın imkanlarından çox uzaqdır.”

Fransanın xəyalları niyə puç olur?

Fransanın Afrika regionunda OIF-in mexanizmlərindən istifadə edərək təsirini artırmaq cəhdləri, mövcud geosiyasi reallıqlarla ziddiyyət təşkil edir. Beynəlxalq media orqanlarının məlumatlarına əsasən, fransız dilinin bu regionda istifadə səviyyəsi azalır. Məsələn, Dünya Bankının verdiyi statistikaya görə, Cənubi Sahra Afrikası regionunda fransız dili ikinci dil olaraq istifadə olunsa da, təhsil və biznes sahələrində ingilis dilinin dominantlığı artır. Bu da Fransanın OIF vasitəsilə dil və mədəniyyət təbliği siyasətinin yetərli olmadığını göstərir.

OİF-in son sammitində səslənən açıqlamalara görə, təşkilat üzvlərinin 85%-i Afrika qitəsindən gəlir. Amma bu ölkələrin əksəriyyəti OIF-in təklif etdiyi diplomatik mexanizmlərə etinasız yanaşır və daha çox regional təşkilatlara üstünlük verir. Bu isə təşkilatın üzv dövlətlər arasında birlik və həmrəylik yarada bilmədiyinin bariz nümunəsidir.

Makronun taktiki məğlubiyyətləri: OIF-in məhdud imkanları

Emmanuel Makron OIF vasitəsilə Fransa-nın Afrikada və digər bölgələrdə təsirini artırmaq istəyərkən bir sıra taktiki məğlubiyyətlərə düçar oldu. Xüsusilə, Sahel regionunda həyata keçirilən hərbi müdaxilələr və diplomatik səylər nəticəsiz qaldı. Mali və Burkina Faso kimi ölkələrdə fransız hərbi qüvvələrinin geri çəkilməsi və yerli hökumətlərin digər beynəlxalq aktorlarla əməkdaşlığa üstünlük verməsi, Fransanın burada OIF-in köməyindən istifadə edə bilmədiyini göstərir.

Fransızdilli Ölkələr Birliyinin hazırkı vəziyyəti göstərir ki, bu təşkilat artıq Fransa üçün qlobal nüfuzun qorunması və artırılması baxımından əhəmiyyətli bir alət deyil. OIF-in təsir dairəsi məhdud olaraq qalır və Fransa Prezidentinin bu təşkilatı öz geosiyasi ambisiyalarına uyğun şəkildə istifadə etməsi də nəticəsiz qalır. Makronun OIF-in potensialından maksimum istifadə etmək istəyinə baxmayaraq, bu təşkilat hazırda müstəqil bir diplomatik vasitə kimi çıxış etmək gücündə deyil və bu, Fransa üçün böyük bir xarici siyasət məğlubiyyətidir.

Beynəlxalq arenada siyasi oyunlar

Frankofoniya sammitində baş verənlər Ermənistanın beynəlxalq platformalarda öz maraqlarını necə irəli sürdüyünü göstərdi. Fransanın Ermənistanın yaxın müttəfiqi olaraq açıq şəkildə Yerevanı dəstəkləməsi xüsusilə diqqət çəkdi. Fransa prezidenti Emmanuel Makron çıxışında Frankofoniyanı münaqişələrin həllində dialoq platforması kimi təqdim etdi, lakin onun bu ritorikası Azərbaycanda kəskin etirazla qarşılandı. Makron uzun illərdir ki, Ermənistana Avropada dəstək göstərən əsas siyasətçilərdən biri olaraq tanınır və İrəvan bu dəstəyi beynəlxalq arenada öz maraqlarını təbliğ etmək üçün fəal şəkildə istifadə edir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxışında Frankofoniya təşkilatının Cənubi Qafqazda sülh prosesinə müsbət töhfə verə biləcəyini qeyd etdi. Ancaq Azərbaycanın kəskin etirazlarına səbəb olan məsələlərdən biri də Ermənistanın beynəlxalq platformalardan öz iddialarını irəli sürməyə çalışması oldu. Bakı Ermənistanın bu davranışını Azərbaycanın suverenliyinə zərbə vurmaq cəhdi kimi qiymətləndirərək, Ermənistanı məqsədli şəkildə beynəlxalq tədbirlərdən öz maraqları üçün istifadə etməkdə ittiham etdi.

“Ermənistanın Frankofoniya platformasından istifadə edərək, Fransanın açıq dəstəyi ilə belə davranışı son dərəcə təəssüf doğurur”, — deyə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etdi.

Diplomatik dalan

Münaqişənin diplomatik cəbhədə daha da dərinləşməsi Ermənistan və Azərbaycanı çətin seçim qarşısında qoyur. Azərbaycan Cənubi Qafqazda öz mövqelərini gücləndirmək üçün Türkiyə və Rusiya ilə sıx əlaqələrini davam etdirir, Ermənistan isə Qərb müttəfiqlərindən, xüsusən də Fransa və Avropa İttifaqından dəstək axtarır. Prezident İlham Əliyev öz çıxışında Ermənistanı “təhlükəli oyunlardan” çəkinməyə çağıraraq, 2020-ci il müharibəsinin nəticələrini xatırlatdı. Prezident İlham Əliyev vurğuladı: “Biz separatizmi bir neçə saat ərzində məhv etdik, heç kimə baxmadan hərəkət etdik”.

Ermənistan isə öz mövqelərini gücləndirmək üçün Qərbdən dəstək axtarışlarını davam etdirir. Frankofoniya sammitində Paşinyan bu məsələləri Fransa prezidenti Emmanuel Makron və Belçika baş naziri Aleksandr De Kro ilə müzakirə edərək, Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduğunu vurğuladı.

Azərbaycan İrəvanın təklifini qəbul etməyərək bəyan etdi ki, sülh sazişi bütün məsələləri, o cümlədən nəqliyyat yollarının açılması məsələlərini tam həll etməlidir.

Azərbaycan sülh prosesində qətiyyətli mövqeyini qoruyaraq Ermənistanı konstitusiyada ərazi iddialarına dair maddələri dəyişməyə çağırır. Bakı sülh sazişinin uzunmüddətli və dayanıqlı olmasını təmin etmək üçün bütün məsələlərin həll edilməsinin vacibliyini vurğulayır.

Frankofoniya sammiti Ermənistan ilə Azərbaycan arasında gərginliyin bir daha artdığını göstərdi. Ermənistan beynəlxalq platformalarda öz mövqeyini gücləndirməyə çalışdığı halda, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumağa yönəlmiş siyasətini davam etdirir. Diplomatik çıxılmaz vəziyyət hər iki ölkəni sülh yolu ilə normallaşma və ya davamlı qarşıdurma arasında seçim qarşısında qoyur.

trend.az

Diaspora