Xəbər verdiyimiz kimi, 2024-cü ilin altı ayı ərzində fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi yarıdan çox azalıb. Məlumata görə, transfertlərin həcmi ötən illə müqayisədə 608 milyon dollardan 287,1 milyon dollara düşüb.
QAZÌLER.AZ Axar.az-a istinaden bildirir ki, iqtisadçı ekspert Natiq Cəfərli Rusiyadan Azərbaycana pul köçürülməsinin azalmasının gözlənilən olduğunu deyib.
“Bu trend çoxdan başlayıb. Çünki Rusiyada artıq 3 aydır valyutaya çıxış imkanları xeyli məhdudlaşıb. Rubl ucuzlaşıb, orada çalışan azərbaycanlılar artıq əvvəlki kimi pul qazana bilmir, rubl ilə qazandıqları pulu valyutaya çevirməkdə çətinlik çəkirlər. Ona görə də bunun baş verəcəyi gözlənilirdi. Mənə elə gəlir ki, hazırkı tendensiya bundan sonra da azalan tempdə davam edəcək. Bu isə müəyyən problemlər yarada bilər. Çünki Azərbaycanda bəzi regionlar var ki, Rusiyadan gələn pul orada çox önəmli rol oynayır. Dolanışığını Rusiyadan gələn pullar hesabına keçirən ailələrin gəlirləri azaldıqca sosial qayğıları, narazılıqları da artacaq”, - o əlavə edib.