Azərbaycan üçün əsl imkan COP29-un sədri olduğu dövrdə bütün dünyaya Azərbaycan haqqında həqiqəti başa salmaq və etnik və dini müxtəlifliyin, tolerantlığın ölkəsi olduğu barədə doğru bir təsəvvür yaratmaqdır.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
O, həmçinin Azərbaycanın qonşusu Ermənistan ilə sülh razılaşması ərəfəsində olmasını yüksək qiymətləndirib və bunu Azərbaycan tarixi üçün həqiqətən vacib bir an adlandırıb.
“Ötən il sentyabr əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Bu əməliyyatı mülki itkilərə yol vermədən həyata keçirəcəyini bildirmişdi, yalnız hərbi obyektləri hədəf alacağını demişdi və elə də etdi. Ermənistan və Azərbaycan arasında münaqişəni qızışdırmağa və bəlkə də müharibəni yenidən başlatmağa çalışan separatçı rejimi aradan qaldırdı”, - Brayza bildirib.
Beynəlxalq ekspert Azərbaycanı COP29-a ev sahibliyi edəcəyi üçün də təbrik edib:
“Mən Azərbaycanı indi təbrik edirəm, çünki o, qlobal temperaturun 1,5 dərəcədən yuxarı qalxmasının qarşısını almaq və iqlim dəyişikliyi ilə mübarizə aparan səylərə COP29-un ev sahibi olaraq rəhbərlik edir. Fikrimcə, bu, Azərbaycan üçün ən optimist Müstəqillik Günüdür. Çünki Azərbaycan ən əsası, öz torpaqlarını bərpa edib və Qarabağ, ətrafındakı yeddi bölgənin keçmiş sakinlərinin öz evlərinə Böyük Qayıdışını təmin edir”.