Dəməşqdə iranlı generalların öldürülməsinə cavab olaraq Tehran 365 raket və dronla İsraili vurdu. Lakin əksəriyyət bu zərbənin razılaşdırılmış olduğuna inanır, çünki ABŞ, Avropa və Yaxın Şərq ölkələri real zərbə endirməməyi xahiş ediblər. İsrail də razılaşdırılmış şəkildə İsfahandakı hərbi obyektlərə zərbələr endirib.
QAZİLER.AZ xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı politiloq Sergey Markov İran-İsrail gərginliyi haqda danışarkən deyib.
Politoloq bildirib ki, İran-İsrail xüsusi üslubunda endirilən raket zərbələri haqqında danışmağın artıq vaxtıdır:
“Zərbələr endirilir, lakin heç kim xüsusi olaraq zərər çəkmir. Misal üçün, İran pilotsuz təyyarələri İsrail hava məkanında çox yüksəkdən uçurdu ki, asanlıqla aşkarlana bilsin. Söhbət əslində real hərbi hücumlardan yox, xalqa nümayiş etdirilən “zərbələrdən” gedir”.
Markovun sözlərinə görə, Təl-Əviv və Tehran birbaşa müharibədən qaçır, lakin mübarizələrini də dayandırmaq istəmirlər:
“Tehran belə bir müharibənin nəticəsində İsrailin İrana nüvə zərbəsi endirə biləcəyindən və ABŞ hərbi gücünün İranla müharibəyə cəlb ediləcəyindən qorxur. Təl-Əviv də qorxur ki, nəhəng islam dünyası tərəfindən İsrailə terror müharibəsi başlayar və nəticədə ölkə qanlı xaosa qərq olar”.
Politoloq hesab edir ki, münaqişə İranın proksi qüvvələri ilə davam edəcək:
“İran və İsrail son 15-20 ildə apardıqları müharibəni davam etdirəcəklər. Bu, HƏMAS, Hizbullah kimi proksi qüvvələrin köməyi ilə baş tutacaq. İsrailin özünün necə proksi müharibəsi aparması Kirmanda Süleymaninin şərəfinə keçirilən anım mərasiminə olan hücumda görsəndi. Bu zərbəni İraq Kürdüstanından İsrailə neft satmaqla məşğul olan iraqlı milyarder həyata keçirib. Bu iraqlı milyarderin hərbiləşdirilmiş strukturları MOSSAD-ın köməyi ilə yaradılıb”.
Markov İran-İsrail münaqişəsinin hazırda belə kritik hal almasının seçkilərlə bağlı olduğunu düşünür:
“Daha bir yeni məqam. Bu, Baydenin Netanyahu ilə münasibətlərinə bağlıdır. İsrail ordusunun 2023-cü il oktyabrın 7-də HƏMAS-ın zərbəsinin qarşısını ala bilməməsində Netanyahunun günahkar olduğu hər kəsə aydındır. Ona görə də İsraildə seçkilər keçirilsə, Netanyahu uduzacaq. Və sonra Netanyahunun təzyiq göstərə bilməyəcəyi 7 oktyabr hadisələrinin niyə baş verdiyi ilə bağlı istintaq başlayacaq. Onun siyasi rəqibləri ilə aktiv şəkildə əməkdaşlıq edən istintaq Netanyahunu günahlandıraraq, həbsə də ata bilər. Bunun qarşısını almaq üçün Netanyahu çıxış yolu tapdı - HƏMAS-a qarşı sonsuz müharibə aparmaq. Müxaliflər bunu anlayanda Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və İsraildə dərhal parlament seçkilərinin keçirilməsi məsələsini gündəmə gətirdilər. Netanyahu imtina etdi. Sonra İsrailin Avropa liberal yolunun tərəfdarları Baydenə müraciət edərək, ondan xahiş etdilər ki, Netanyahudan qətliamı dayandırmağı və ümumi seçkilər keçirməyi tələb etsin. Seçkilərdən və nəticələrdən qaçmaq üçün Netanyahu İsrail və ABŞ-ın düşməni - İranla gərginlik yaratmağı fikirləşdi. Daha sonra İranın Dəməşqdəki konsulluğuna zərbələr endirildi. SEPAH generalını öldürməklə hərbi və siyasi məqsədinə də çatdı. İranın cavab zərbəsi Baydeni İsraildə seçki tələbini geri götürməyə məcbur etdi. Və Bayden masanın üstünə yumruq vurub, seçki tələb etmək əvəzinə, Netanyahuya zəng edib təbrik etməyə, İranın İsrailə qarşı kütləvi hücumunu dəf etmək üçün hərbi gəmilər və təyyarələr göndərməyə məcbur oldu.
İndi əsas məsələ budur: Bayden Netanyahunun seçkilərə getməli olduğunu qaldıracaqmı? Əgər bu tələbləri yenidən irəli sürərsə, Netanyahu İranla eskalasiyaya başlayacaq və zərbələr endirəcək. Bayden bu tələbini geri götürsə, Netanyahu zərbə endirməyəcək və vəziyyət sabitləşəcək.
Beləliklə, paradokslardan biri odur ki, Yaxın Şərqdə böyük muharibənin başlanması İsraildə erkən seçkilərlə Bayden və Netanyahu arasında münasibətlərin necə inkişaf etməsindən asılıdır”.