Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən həm Almaniya, həm Avropa İttifaqı, həm də Fransaya yönəlik birmənalı mesajlar verdi.
QAZILER.AZ bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat bildirib ki, rəsmi Berlin Avropanın digər ölkələrindən, xüsusilə də Fransadan fərqli olaraq proseslərə ümumilikdə balanslı yanaşmağa çalışır, məhz bunun kontekstində də Azərbaycanla münasibətlərin qorunub saxlanılmasına böyük diqqət ayırır: “Bu gün Almaniya ilə Azərbaycan arasında münasibətlərin müsbət inkişaf dinamikası müşahidə edilir: “Bu xüsusda Azərbaycan-Almaniya ikitərəfli münasibətləri iqtisadi əlaqələrin müstəvisində daha çox önə çıxır. Hazırkı dövrdə isə bəzi Qərb dövlətləri və təşkilatlarının Azərbaycana qarşı qərəzli və birtərəfli mövqeyinə baxmayaraq, Almaniya proseslərə neytral yanaşma sərgiləyir”.
Aqil Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev də Almaniya nümayəndə heyətini qəbul edərkən beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu bir daha xatırladıb. Bu nöqteyi-nəzərdən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsinə qarşı olan yanaşmalar tamamilə əsassız və qərəzlidir: “Ancaq təəssüf ki, ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Əsas hədəf olaraq da anti-Azərbaycan siyasəti və bu istiqamətə yönəlmiş səlibçi bir “təfəkkür” formalaşdırılıb. Prezident Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozef Borrelin Azərbaycanla bağlı qərəzli mövqeyinə toxunarkən də bu mövzudan bəhs edib. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır” – deyə cənab Prezident Azərbaycan ətrafında yaradılan qərəzli informasiyaların heç bir əsasa malik olmadığını bir daha vurğulayıb. Reallıq odur ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında qalıb. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib. Ərazilərdə böyük dağıntılar, vandallıq, barbarlıq siyasəti həyata keçirilib. Məhz bu təcavüzkar siyasətin nəticəsi olaraq 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan isə bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara belə riayət etməyib. Azərbaycan ədaləti özü bərpa edib. Bu faktlar ortada ola-ola Azərbaycana qarşı Avropa institutları tərəfindən növbəti dəfə ayrı-seçkilik edilir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkəmizin nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə əsassız, heç bir mahiyyətə söykənməyən “qərar” qəbul edib. Ancaq diqqət çəkən məqam həm də odur ki, bu “qərar” Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”. Prezident bu məqama diqqət çəkməsi həm də rəsmi Berlinə bir mesajdır. Digər tərəfdən, Azərbaycan öz haqqını sona kimi qorumağı bacaran güclü dövlətdir. Prezident İlham Əliyev də bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”.
Deputat deyib ki, çox təəssüf ki, torpaqlarımızın işğal altında olduğu 30 illik müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ədalətin bərpa olunması üçün heç bir addım atmadılar: “Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda bu üç ölkə ölkəmizə təzyiqlər göstərməyə başlayıb. Dövlət başçısının da qeyd etdiyi kimi artıq Rusiya proseslərin nədən ibarət olduğunun fərqindədir. ABŞ və Fransanın eyni yanaşmanı sərgiləməsi gözlənilir. Bunun əksinə olacaq proseslər həmin ölkələr üçün heç nə vəd etmir. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla münasibətləri normallaşdırmaq bu kontekstdə əsas şərtdir”.