Qod Nisanova “Dostluq” ordeni təqdim olunub

Qod Nisanova “Dostluq” ordeni təqdim olunub backend

Rusiyalı sahibkar, “Kiyevskaya ploşad” şirkətinin direktorlar şurasının sədri Qod Nisanova “Dostluq” ordeni təqdim edilib. O, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunub.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, mükafatın təqdimatı Azərbaycanın Moskvadakı səfirliyində keçirilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qod Nisanovun xidmətlərindən danışaraq deyib: “Mən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığını böyük məmnuniyyətlə yerinə yetirərək sizə ölkəmiz qarşısında xidmətlərinizə görə layiq görüldüyünüz “Dostluq” ordenini təqdim etmək istəyirəm. Siz Rusiyada yaşayan Azərbaycan nümayəndələri üçün çox iş görür, soydaşlarımıza kömək edirsiniz”.

Polad Bülbüloğlu Qod Nisanovun Qırmızı Qəsəbədə və Azərbaycanın digər regionlarında apardığı böyük işləri xatırladaraq bildirib: “Biz fəxr edirik ki, vaxtilə Azərbaycanda yaşayan insanlar Vətənimizi layiqincə təmsil edirlər. Sizin nailiyyətlərinizə çox şadam və sizə yeni-yeni uğurlar arzulamaq istəyirəm”.

Qod Nisanov bu mükafatın bütün azərbaycanlıların mükafatı olduğunu vurğulayaraq qeyd edib: “Dostluq” ordeni təkcə mənim deyil, həm də qəlbi Azərbaycan ilə döyünən bütün soydaşlarımızın mükafatıdır. Azərbaycan bizim həyatımızın bir hissəsidir və biz oraya fərəhlə gəlirik. Harada olsaq da, taleyimiz Azərbaycanla bağlıdır”.

 

 

Diaspora