Daxili İşlər Nazirliyi Neftçalada keçmiş polis nəfərinin intiharı ilə bağlı iddialara aydınlıq gətirib

Daxili İşlər Nazirliyi Neftçalada keçmiş polis nəfərinin intiharı ilə bağlı iddialara aydınlıq gətirib backend

Daxili İşlər Nazirliyi (DİN) 2016-2023-cü illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Əyyubov Şahin Elçin oğlunun intihar faktı ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan iddialara aydınlıq gətirib.

QAZİLER.AZ   AZƏRTAC-a istinadən verdiyi məlumata görə,  həmin iddialar həqiqəti əks etdirməyib. Bildirilib ki, Ş.Əyyubov xidmət etdiyi müddətdə müsbət xarakterizə olunur, onun fəaliyyətində hər hansısa nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub. O, intihar etməzdən bir neçə gün əvvəl raportla müraciət edərək, daxili işlər orqanlarından öz arzusu ilə xaric edilib və 2024-cü il yanvarın 3-də intihar edib.

“Onun intiharında xidməti fəaliyyəti ilə əlaqədar hər hansı hal yoxdur. Müəyyən edilib ki, o, yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib. Bununla bağlı bütün sübutlar var və toplanılaraq aidiyyəti üzrə təqdim edilib. Hadisədən sonra onun ailə üzvləri DİN rəhbərliyi tərəfindən qəbul edilib, baş verən hadisənin motivi digər təfərrüatlar barədə onlara məlumat verilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, bir gəncin şəxsi həyatı ilə bağlı baş verən faciədə sadalananlardan əlavə hər hansı kriminal tərkib yoxdur”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.

 

 

Diaspora