Səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verilə bilər

Səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verilə bilər backend

İran qanunvericiliyinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxsi ölüm cəzası gözləyir.

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, bunu  Güney Azərbaycandan olan hüquqşünas Saleh Kamrani deyib.

O vurulayıb ki, Vyana Konvensiyasına əsasən, İran və ya bu konvensiyanı imzalayan digər dövlətlər ərazilərində yerləşən diplomatik nümayəndəlikləri, diplomatları və onların ailə üzvlərini qorumalıdırlar. Hüquq müdafiəçisi əlavə edib ki, İran beynəlxalq sənədin bu öhdəliyinə əməl etməməsi ilə məşhurdur:

“İran İslam İnqilabı olan zaman ABŞ səfirliyinə hücum oldu, orada səfirliyin çoxlu əməkdaşı tutuldu. Ondan sonra Səudiyyə Ərəbistanı konsulluq və səfirliyinə, Böyük Britaniya konsulluq və səfirliyinə, ən sonda isə Azərbaycan səfirliyinə hücum təşkil edildi. İran rejiminin özünün əli olmadan belə hücumların təşkil edilməsi mümkün deyil. Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlikdə insan ölümünə səbəb olub. İran qanunvericiliyində onun cəzası ölümdür”.

Müsahib hesab edir ki, İran məhkəmə sistemində bu hücumun üstünün tam şəkildə açılması çətindir:

“Çünki orada bilinir ki, İran kəşfiyyatının və İran rəsmilərinin əli olmadan bu işin gerçəkləşməsi mümkün deyildi. Ona görə də məsələni şəffaf şəkildə ortaya çıxarmaq da mümkün olmayacaq. Hətta bu adam sonra edam olunsa belə, yenə də məsələ aydınlaşmış olmayacaq. Ancaq bununla belə məhkəmə prosesini Azərbaycan rəsmiləri də müşayiət etməlidirlər”.

S.Kamrani diqqətə çatdırıb ki, Vyana Konvensiyasına əsasən, İran həm Azərbaycan dövlətindən rəsmi şəkildə üzr istəməli, həm təhlükəsizlik qarantı verməli, həm də təzminat ödəməlidir:

“Bu, işin hüquqi tərəfidir. Biz məsələni Azərbaycan-İran rabitəsi kontekstində qiymətləndirməliyik. Onu da bildirim ki, İran həmişə hücumdan vasitə kimi istifadə edib. Məsələn, Pakistanla-İran arasında heç vaxt ixtilaf olmamışdı, amma birdən-birə İran oranı raketlə vurmağa başladı. İran həmişə bu vasitələrdən istər öz içərisində, istərsə də qonşuları ilə münasibətdə istifadə edib”.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İranın İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyinə Bakı vaxtı ilə səhər saat 8:30 radələrində terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

 

 

Diaspora