Vətən müharibəsindəki Qələbədən, antiterror tədbirlərindən və Xankəndidəki paraddansonra bu ilki 20 Yanvarın ildönümü tamamilə başqa ovqatda qeyd olunur
Tarixdə elə hadisələr, günlər var ki, ondan uzaqlaşdıqca həmin hadisənin, istər xalqın, istərsə də dövlətin tarixində sonrakı on illiklər boyu nə qədər böyük əhəmiyyətə malik olduğu açıq üzə çıxır. 20 Yanvar da belə hadisələrdən biridir və xalqımızın taleyində qanla yazılmış qəhrəmanlıq tarixidir. Vətən müharibəsindəki 44 günlük möhtəşəm Qələbədən, qısa müddətli antiterror tədbirlərindən və Xankəndi şəhərindəki paraddan sonra bu ilki 20 Yanvarın ildönümü tamamilə başqa ovqatda qeyd olunur. Yəni hər vətəndaşımıza, Azərbaycan sevərə aydın oldu ki, tökülən qan yerdə qalmayıb. İnsanlar əbəs yerə öz canlarını azadlıq və müstəqillik uğrunda qurban vermədilər. Məhz onların qanları, canları bahasına biz hazırki qalib Azərbaycan olmuşuq.
QAZILER.AZ AZƏRTAC-a a istinaden verdiyi melumata göre, bunu həmin hadisələrin şahidi kimi fikirlərini bölüşən Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dosenti Boran Əziz deyib.
20 Yanvar faciəsinin tarixini şərh edən tarixçi qeyd edib ki, 20 Yanvar təsadüfü bir qrup sovet əsgərinin impulsiv hərəkətinin qətiyyən nəticəsi deyildi. Bu əslində sovet işğal sisteminin vətənimizdə iqtisadi və mənəvi sahədə həyata keçirdiyi müstəmləkəçilik siyasətindən doğmuşdu. Məhz sovet imperiyası hələ 1920-ci ildə, o cümlədən SSRİ yaranarkən 1922-ci ildə Azərbaycanın ərazi bütövlüyünün və orada yaşayan insanların təhlükəsizliyini təmin etməyi öhdəsinə yazılı şəkildə götürməsinə baxmayaraq, 1980-ci illərin ikinci yarısından etibarən bunlar tamamilə unuduldu. İmperiya torpaqlarımızın növbəti dəfə ermənilərə verilməsi üçün Azərbaycan xalqından icazə almadan hərəkətə keçdi. Lakin xalqımız bununla heç cür razılaşmadı. Sovet dövlətinin belə birtərəfli fəaliyyəti onun heysiyyətinə toxundu.
Həmin illərdə həm SSRİ, həm də Azərbaycan SSR konstitusiyasını kobud şəkildə pozan Moskva rəhbərliyi Azərbaycan ərazisində xüsusi idarə komitəsi yaratdı. Keçmiş Dağlıq Qarabağı Azərbaycanın yurisdiksiyasından faktiki olaraq çıxardı və bu xalqın səbir kasasını tamamilə daşırdı. Ona görə 1989-cu ildə müstəmləkə boyunduruğu altında yaşamaq istəməyən və onların siyasətindən qəzəblənən xalq hökumətdən haqqını tələb etməsi nəticəsində bütün 15 müttəfiq respublika arasında ilk dəfə Azərbaycan SSR-nin suverenliyi haqqında qanun qəbul edildi. Bununla yanaşı keçmiş Azərbaycan rəhbərliyinin cəsarətsizliyindən, eyni zamanda, iradəsizliyindən ehtiyat edərək xalq ölkəmizin qanunlarının ittifaq qanunlarından üstünlüyü barədə qərar qəbul olunmasını tələb etdi və bu respublikada tamamilə yeni vəziyyət yaratdı.
Onun sözlərinə görə, eləcə də həmin dövrdə hər bir azərbaycanlının qəlbində ən ülvi hisslərindən biri olan Arazın o tayındakı qardaşlarımızla görüşmək və dərtləşmək istəyi vardı. Həmin arzudan irəli gələrək sərhədlərin sökülməsinə başlanmışdı. Lakin Sovet rəhbərliyi bütün dünyaya guya islam fundamentalçı və terrorçu qrupların Azərbaycandan Rusiya vasitəsilə Avropaya yayılacağını və nəticədə ciddi təhlükə yaranacağını iddia edirdi. Əslində isə xalqımıza qarşı hərbi əməliyyat keçirmək üçün hazırlıq görülməyə başlanmışdı. Yanvarın ilk ongünlüyündə SSRİ Daxili İşlər Nazirliyinin kifayət qədər qoşununun olmasına baxmayaraq, Bakıda böyük təxribat törədildi. Bunun qarşısını isə xalq özü könüllü şəkildə aldı.
Buna rəğmən, həmin dövrdə Azərbaycanın kəndlərini yaşanmaz hala gətirən, insanları öldürən sərhəddə fövqəladə vəziyyət elan etmək əvəzinə, paytaxtda bu vəziyyəti elan etmək qərarına gəlindi. O vaxt həmvətənlərimiz zor gücü ilə, böyük qırğınlara məruz qalaraq, olduqca biabırçı vəziyyətdə, şərait yaradılmadan öz ata-baba torpaqlarımızdan qovulmuşdu. Belə vəziyyətdə xalqın Sovet dövlətinə nifrət bəslədiyini açıq gördüklərindən ona qarşı tədbir görmək qərarına gəlindi. Nəticədə yanvarın 19-dan 20-nə keçən gecə belə əməliyyat keçirildi.
“Fövqəladə vəziyyət haqqında qanuna uyğun olaraq əhaliyə bir gün əvvəldən məlumat verilməli olduğu halda, bunu da etmədilər. Əksinə, Azərbaycan televiziyasının xəbərlərində bu məsələ ilə bağlı elan veriləcəyindən ehtiyat edərək həm SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin, həm də onun filialı kimi fəaliyyət göstərən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin müvafiq şöbəsinin işçiləri enerji blokunu partlatdılar. Nəticədə xalq ölkədə fövqəladə vəziyyət yaranacağından tamamilə xəbərsiz vəziyyətə düşdü.
Yanvarın 20-də keçmiş sovet rəhbərliyinin xalqımıza qarşı belə amansız rəftarı təsadüfü deyildi. Bir tərəfdən onlar müstəqillik və azadlıq istəyən xalqımıza dərs vermək istəyirdilər ki, həmin ideyalardan imtina etsinlər. Digər tərəfdən bütövlükdə yenidənqurma və aşkarlıq siyasəti iflasa uğradığına görə digər respublikalarda da azadlıq uğrunda mübarizə başlamışdı. Bununla da Sovet İttifaqının istər siyasi, istərsə də hərbi rəhbərliyi müstəqilliyin həmin xalqlar üçün böyük çətinlik törədəcəyini ibrət götürmələri üçün qırğın həyata keçirdi. Yanvar faciəsinin yalnız Bakı ilə məhdudlaşmadığına və Azərbaycanın digər rayonlarında da məlum hadisələrin törədilməsinə baxmayaraq xalqımız bundan qorxmadı”, - deyə BDU-nun dosenti vurğulayıb.
Boran Əziz fikrincə, o dövrdə sovet rəhbərliyi qırğının sovet ordusu tərəfindən deyil, Rusiyanın müxtəlif ərazilərindən könüllü gətirilən və ermənilərdən ibarət olan içkilər və müxtəlif dərmanların təsiri altındakı adamların əli ilə törədildiyinin görüntüsünü yaratmağa cəhd göstərirdi: “Amma bu mümkün olmadı. Xalqın milli ruhu sınmadı və 20 Yanvar hadisələrində xalqın əzminin qırılmamasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynadı. O zaman Moskvada yaşayan dahi Lider faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə həyatlarını təhlükəyə ataraq, Azərbaycanın SSRİ paytaxtındakı daimi nümayəndəliyinə gələrək bu qanlı əməliyyata və partiya rəhbərliyinə kəskin etirazını bildirdi. Məhz bu hadisədən dərhal sonra fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, 2 milyona yaxın insan Bakıda səfərbər olaraq hazırda and yerimiz olan Şəhidlər xiyabanındakı dəfn mərasiminə qatıldı. Bu tarixi varislik idi. Çünki 1918-ci ildə müstəqillik uğrunda mübarizədə həlak olanlar da məhz Şəhidlər xiyabanında dəfn olunmuşdu. Sonradan bolşevik rejimi onların qəbirlərini dağıtmış və orada park yaratmışdı. Şəhidlər Azərbaycan xalqının qəlbində yaşadığı üçün yenidən Şəhidlər xiyabanı yaradıldı. Beləliklə, 20 Yanvar faciəsinin həyatımızda, dünya görüşümüzün dəyişməsində hansı yeri tutduğunu Şəhidlər xiyabanında bir daha aydın görmək olur”.