Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
QAZILER.AZ APA-ya istinaden xəbər verir ki, əvvəlcə səfir Polad Bülbüloğlu, səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç, Moskvada akkreditə olunmuş digər diplomatik missiyaların diplomatları, Rusiya ictimaiyyətinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) və diasporumuzun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin və 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Polad Bülbüloğlu bildirib ki, bu gün xalqımız 34 il əvvəl Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə başda Mixail Qorbaçov olmaqla, Sovet İttifaqı rəhbərliyinin göstərişi ilə sovet ordusunun bölmələri Bakıya soxularaq, dinc əhalini kütləvi şəkildə qətlə yetiriblər. Bu hadisələr Azərbaycan tarixinə əbədi olaraq “Qara Yanvar" kimi daxil olub.
“SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, indiki Ermənistan ərazilərindəki tarixi torpaqlarımızdan yüz minlərlə azərbaycanlının deportasiya olunmasına, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına etiraz edən geniş xalq kütləsinə qarşı sovet ordusunun iri hərbi hissələrinin yeridilməsi dəhşətli faciəyə səbəb oldu”, - deyə diplomat vurğulayıb.
Səfir qeyd edib ki, Sovet ordusu gecə saatlarında şəhərə daxil olaraq beynəlxalq hüquq normalarını və SSRİ-nin o vaxt qüvvədə olan Konstitusiyasını və digər hüquqi aktlarını kobud şəkildə pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib: "Bakıda ən amansız aksiyalar nəticəsində cəmi bir gecədə 200-ə yaxın günahsız insan həlak olub, xeyli şəhər sakini ağır yaralanıb, bəziləri isə ümumiyyətlə itkin düşüb".
Polad Bülbüloğlu diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək, mətbuat konfransı keçirib, baş vermiş vəhşiliyi kəskin şəkildə pisləyərək, dinc əhaliyə qarşı terror adlandırıb. Ulu Öndər Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək, hadisənin təşəbbüskarları və icraçılarının cəzalandırılmasını tələb edib.
Səfir xüsusilə vurğulayıb ki, 1994-cü ilin fevralında Milli Məclisin növbədənkənar iclasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı il yanvarın 20-də günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib, 20 Yanvar Azərbaycanda Milli Hüzn Günü elan edilib. Qanlı yanvar faciəsi xalqımızın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib və Azərbaycanın dövlət müstəqilliyinin bərpasında dönüş nöqtəsi olub.
Azərbaycan səfiri bildirib ki, tariximizə faciə kimi daxil olmuş o qanlı günlərdə xalqımız azad, suveren, müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya nümayiş etdirib. Azərbaycanın müasir tarixi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tökülən şəhidlərin qanı ilə yoğurulub.
“Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu indi şaddır. Bu il 20 Yanvar şəhidlərinin xatirəsi ilk dəfə Azərbaycanın bütün ərazisində anılır. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi, 2023-cü ildə isə anti-terror tədbirləri zamanı rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı işğaldan azad edib, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, həm də tarixi ədaləti bərpa etdi. Vətənimizin igid oğul və qızlarının canlarını fəda etdiyi haqq işini biz başa çatdırdıq!”, - deyə Polad Bülbüloğlu qeyd edib.
Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilib.