Evian meriyasına bəyanat təqdim etmişik və aksiyamızla bağlı məlumatlandırmışıq. Bəyanatda vurğulamışıq ki, Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı istintaq aparılsın və cinayətkarlar cəzalandırılsın.
Bu fikirləri Fransada azərbaycanlı şair Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına görə Evianda keçirilən etiraz aksiyasının iştirakçısı, hüquqşünas Zaur Sadıqbəyli AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Fransadakı Azərbaycan icması Xurşidbanu Natəvanın heykəlinin bərpa edilməsini və öz yerində ucalmasını istəyir, İsmayıllı şəhəri ilə imzalanmış dostluq xartiyasının, əməkdaşlığın davam etdirilməsini tələb edir.
“Meriyada dəyirmi masa təşkil olunmalıdır. Orada Azərbaycanla bağlı bütün suallara cavab verməyə, fikir mübadiləsi aparmağa, həmçinin reallıqları əks etdirən məlumatları verməyə hazırıq. Bələdiyyə şurasındakı müxalifət nümayəndələrlə dialoqa, onları məlumatlandırmağa hazırıq. İcmamızla, ölkəmizlə bağlı mənfi fikirlərə debatlar vasitəsilə cavab vermək istəyirik”, - deyə Z.Sadıqbəyli vurğulayıb.
Evian bələdiyyə şurasında şifahı keçirilmiş mövzu ilə bağlı feyk xəbər yazıldığını diqqətə çatdıran aksiya iştirakçısı əlavə edib: “Belə xəbərlərin ikitərəfli münasibətləri korlamasına imkan verməyəcəyik”.