Xankəndində keçirilən futbol oyunu rəmzi mənalarla zəngin idi – Ekspert RƏYİ

Xankəndində keçirilən futbol oyunu rəmzi mənalarla zəngin idi – Ekspert RƏYİ backend

Kənar güc mərkəzlərinin nə düşünməsindən, nə deməsindən və nə etməsindən asılı olmayaraq, Qarabağ problemi Azərbaycanın iradəsi ilə həll edilərək gündəmdən çıxarıldı. İndi prioritet olan məsələ işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin tamamlanması, normal həyat ahənginin təmin edilməsidir. Azərbaycan döyüş meydanında olduğu kimi, bərpa-quruculuq işlərində də innovativ yeniliklər tətbiq edir, abadlaşdırma proqramlarını ildırım sürəti ilə reallaşdırır. Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndi şəhər stadionunda keçirilməsindən çıxan nəticə budur ki, dövlətimiz öz məqsədinə çatıb, işğaldan azad edilmiş ərazilərdə normal həyat şəraiti yarada bilib. Bütün dünyaya nümayiş etdirildi ki, 30 il ərzində erməni vandalları tərəfindən dağıdılmış bu ərazilər qısa zaman kəsiyində yaşayış üçün əlverişli hala salınıb. Hətta idman tədbirlərinin keçirilməsi üçün zəruri infrastruktur da formalaşdırılıb.

QAZİLER.AZ-ın verdiyi məlumata görə, bu  sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Ekspert bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xankəndiyə səfər etmələri, futbol yarışını izləmək üçün stadiona gəlmələri tədbirin əhəmiyyətini daha da artırdı. Burada Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin yad olunması, dövlətimizin başçısının stadionda çıxış edərək nitq söyləməsi idman yarışına rəmzi mənalar qatdı. Eyni zamanda, Prezident İlham Əliyev siyasi güc mərkəzlərinə açıq mesajlar da göndərdi. Həmçinin dövlətimizin gücü, qüdrəti bütün dünyaya nümayiş etdirildi.

Müşfiq Ələsgərlinin sözlərinə görə, mərasim çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid övladları ilə səmimi təmas qurmaları, matçı onlarla birgə izləmələri də yüksək ovqat yaratdı. Bu da bütün vətəndaşların, o cümlədən həssas qrupların dövlətimizin başçısının daim diqqət və qayğısı ilə əhatə olunduğunu təkrarən büruzə verdi.

“Qısa formada vurğulasaq, deməliyik ki, Xankəndi şəhər stadionunda keçirilən futbol üzrə yarışlar rəmzi mənalarla zəngin idi. Buradan hər kəs öz payını götürdü”, - deyə media eksperti əlavə edib.

 

 

Diaspora