Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20 illiyində - bu il oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Ölkə Prezidentinin böyük əminliklə səsləndirdiyi bu fikirlər keçilən yolun, göstərilən səylərin, qətiyyətin təqdimatı oldu. Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində bu inamı ifadə etmişdir ki, İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Ulu Öndər Heydər Əliyev İlham Əliyevə özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini bildirmişdi.
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev andiçmə mərasimində Heydər Əliyev siyasətinə sadiq qalacağını, bu yoldan dönməyəcəyini bəyan etdi. Son 20 ilin uğurları bunun daha bir təsdiqi oldu.
QAZİLER.AZ AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu sözıəri açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib.
Malik Həsənov qeyd edib ki, Prezident İlham Əliyev ilk gündən iqtisadi tərəqqini əsas amil kimi önə çəkdi: “Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər həyata keçirildi. Nəhəng infrastruktur layihələri icra edildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraq regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiqləndi və bu sənədlərə uyğun olaraq mühüm tədbirlər həyata keçirilir. Bu gün böyük əminliklə deyə bilərik ki, bütün bölgələrimiz sürətli inkişaf dövrünü yaşayır, müasir tələblər səviyyəsində yenidən qurulur, şəhərlə kənd arasında fərq tamamilə aradan götürülür. İşğaldan azad edilmiş ərazilərimizin bu gün bərpası və yenidən qurulması dünyaya ölkəmizin şəhərsalma təcrübəsini təqdim edir. Dövlətimizin başçısı bu günlərdə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Forumda qeyd etdiyi kimi, Qarabağın yenidən qurulması, maliyyə vəsaitinin nəzərdə tutulması ölkənin qalan hissəsinin diqqətdən kənarda qalması anlamına gəlmir. Uzun illər ərzində ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırılıb və əksər infrastruktur layihələri başa çatdırılıb. Lakin hazırda Qarabağ əsas prioritetimizdir”.
Azərbaycanın son 20 ildə qazandığı uğurları bir yazıda əhatə etməyin qeyri-mümkün olduğunu deyən deputat bildirib: “Təkcə son illərin reallıqlarına diqqət yetirmək kifayətdir. Üç il bundan öncə tarixi Zəfərə imza atılması, bu il sentyabrın 19-da rəşadətli Ordumuzun bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması dövlətimizin qətiyyətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük səylərinin, xalqımızın həyata keçirilən siyasətə inamının və Prezidentin ətrafında sıx birliyinin təqdimatıdır. Prezident İlham Əliyevin tarixi Zəfərimizə qədər hər bir çıxışında, bayram təbriklərində bu əminlik, arzu ifadə olunurdu ki, üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Onun 20 illik Prezidentlik dövrünün 17 ili məhz torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinə yönəldi. Son üç il işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Bu, dünya hərb tarixinə yazılan ilkdir. Müharibədən dərhal sonra bərpa işlərinə başlamaq qeyri-mümkündür. Bu mühüm məqamı Müzəffər Ali Baş Komandan İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə xüsusi vurğuladı. “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar” söyləyən dövlətimizin başçısı böyük qürur hissi ilə qeyd etdi ki, biz tarix yazmışıq və yazırıq”.
Prezident İlham Əliyevin xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdiyini vurğulayan Malik Həsənov sonda əlavə edib: “20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın sözünün imzası qədər dəyəri daha da artır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Növbəti qayıdış ünvanının Xankəndi olması hər birimizi qürurlandırır. Cəmi üç ay bundan əvvəl azad edilmiş Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”.