Azərbaycan Ermənistanla birbaşa, vasitəçisiz danışıqlara üstünlük verir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyapərəst erməni politoloq, “Erməni layihəsi” ictimai təşkilatının rəhbəri Sergey Melkonyan erməni mediasına müsahibəsində deyib.
“Bakının birbaşa danışıqlar üçün öz səbəbi var - indi qüvvələr nisbətini öz xeyrinə dəyişib və Türkiyə hərtərəfli dəstək verir. Bu şəraitdə Ermənistana təzyiq etmək daha asandır. Vasitəçilərin olması isə Ermənistana bu təzyiqi müəyyən dərəcədə neytrallaşdırmağa və ya ən azı minimuma endirməyə imkan verərdi. Məhz buna görə də xarici aktorların vasitəçiliyi olmadan aparılan danışıqlar Ermənistan tərəfindən daha böyük güzəştlərlə doludur”, - bildirib.
Bununla bərabər, Melkonyan Bakının gələcəkdə Ermənistanda revanşist əhval-ruhiyyənin yaranmasından qorxduğunu da iddia edib:
“Azərbaycanın bu cür qorxularının real əsası var. Onlar başa düşür ki, ermənilər məğlubiyyətdən qurtulan kimi, fürsət düşən kimi öz təhlükəsizliyini təmin etmək və üzərlərində asılmış ekzistensial təhlükəni neytrallaşdırmaq üçün yenidən silaha sarılacaqlar. Təbii ki, Ermənistanda hakim qüvvə hər dəfə deyir ki, qisas almaq niyyətində deyil, lakin bu, Azərbaycan tərəfini sakitləşdirmir, bu, ona kifayət etmir. Bakı Qarabağın bütün dövlət qurumlarının tamamilə ləğv edilməsini və onun bütün simvollarının məhv edilməsini istəyir. Azərbaycan da israr edir ki, erməni müxalifəti və diasporu Qarabağ haqqında danışmağı dayandırsın və s. Ermənistan hakimiyyətinin indiki mərhələdəki hərəkətləri azərbaycanlıların istədikləri ilə demək olar ki, tamamilə üst-üstə düşür”.