Azərbaycan tərəfinin azad etdiyi 32 erməni hərbçi müharibə zamanı yox, 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktından sonra təxribatlar törətmək istəyərkən saxlanılan erməni hərbçilərdir. Azərbaycanın həmin hərbçiləri azad etməsi böyük siyasi iradənin göstəricisidir. Ümumiyyətlə, əsirlərin indiki zamanda buraxılması isə hər iki tərəfin xoş niyyətindən xəbər verir.
QAZİLER.AZ verdiyi məlumata görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Yeni Xristian Demokratlar Partiyasının sədri, siyasi şərhçi Levan Çixeidze Azərbaycanın və Ermənistanın saxlanılan hərbçiləri qarşılıqlı surətdə dəyişdirilməsini şərh edərkən söyləyib.
Politoloq bildirib ki, Azərbaycan olduqca çox erməni hərbçini geri qaytardı. Bu da beynəlxalq ictimaiyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin böyük addımı kimi qiymətləndirilir.
Onun sözlərinə görə, Gürcüstan tərəfi öz növbəsində Azərbaycan ilə Ermənistan arasında baş verənləri böyük sevinclə izləyir. Çünki hadisələr müsbət istiqamətdə irəliləyir. Beynəlxalq humanitar hüquq çərçivəsindən də baxdıqda Azərbaycan tərəfinin atdığı addım sülh şəraitində yaşayış üçün çox müsbət dəyərləndirilir.
“Biz də öz növbəmizdə Prezident İlham Əliyevin dediyi kimi, Tbilisidə sülh müqaviləsinin imzalanmasına yalnız şad olarıq. Hər iki tərəfi Tbilisidə səbirsizliklə gözləyirik”, - deyə, partiya sədri vurğulayıb.