İran prokurorluğu Avropa Birliyinin (AB) xarici siyasət xidmətində çalışan İsveç vətəndaşı Yohan Floderusu İsrailin xeyrinə casusluqda ittiham edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
İran prokurorluğunun nümayəndəsinin sözlərinə görə, Floderus korrupsiyada, İranın təhlükəsizliyinə qarşı yönəlmiş hərəkətlərdə, həmçinin İsrailin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunur.
Bildirilib ki, o, İranda insan haqları, ölkənin müdafiəsi, ölkəyə qarşı sanksiyalar və Tehranın nüvə proqramı ilə bağlı sahələrdə təxribatçı fəaliyyətlər həyata keçirmək üçün İsrailin maraqlarına uyğun məlumatlar toplayıb. İş üzrə ilk iclasda Floderusun vəkilləri ilə yanaşı, tərcüməçi də iştirak edib.
Qeyd edək ki, oktyabrın 12-də İran məhkəmə sisteminin nümayəndəsi Məsud Sateişi İsveç vətəndaşının saxlandığını, ona qarşı ittihamların irəli sürüldüyünü və cinayət işinin tezliklə məhkəməyə göndəriləcəyini bildirmişdi. O, ilkin araşdırmanın aparıldığını və Floderusun məhkəmənin qərarı ilə həbs edildiyini açıqlamışdı.