Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarıdır. Heydər Əliyev, eyni zamanda, Azərbaycan-Gürcüstan münasibətlərinin qurucusudur.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya söyləyib.
Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində fenomen şəxsiyyət, dahi siyasətçi Heydər Əliyevin xidmətləri əvəzsizdir.
L.Darsaliya deyib: "Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri qurulub. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində isə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İnanıram ki, ölkələrimiz arasındakı qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək".
Nazir müavini bildirib ki, Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində regionda reallaşan enerji və nəqliyyat layihələri təkcə bizim xalqlarımızın mənafelərinə deyil, bütünlükdə regionda sülhün və sabitliyin bərqərar olmasına, ümumi inkişafına xidmət edir.
"Dünya şöhrətli siyasi xadim, unudulmaz şəxsiyyət Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq " -deyə, Laşa Darsaliya vurğulayıb.