Ermənistan bu tarixi fürsəti qaçırmamalıdır - Qafarov

Ermənistan bu tarixi fürsəti qaçırmamalıdır - Qafarov backend

Cari ilin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ölkələrimiz arasında mövcud olan diplomatik əlaqələr tarixi ərzində Azərbaycana ilk dəfə rəsmi səfərə gəlmişdir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və qarşılıqlı faydalı əməkdaşlığın yeni, daha yüksək mərhələyə keçid almasına səbəb olacaq. İraq Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanmış önəmli sənədlər də bunu deməyə əsas verir.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, İraq Azərbaycan Respublikasının müstəqilliyini 2 yanvar 1992-ci il tarixində tanımış, həmin ilin 30 mart tarixində isə ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur:

“Bu gün İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyən ölkələr kimi çıxış edirlər”.

Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında vacib tarixi faktların əks olunduğunu vurğulayan deputat deyib:

“Bu gün Ermənistan və onun dünyada olan havadarları bir çox tarixi faktları təhrif etmək üçün ciddi səylər göstərirlər. Lakin bu cəhdlər artıq tamamilə əhəmiyyətsiz manipulyasiyalardan başqa bir şey deyil. Tarixi həqiqətlər isə bundan ibarətdir ki, Ermənistan 1990-cı illərin əvvəlində Azərbaycana qarşı təcavüzə başlayıb, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizini işğal edib və həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulmasına səbəb olub. Bütün bu faktlar Ölkə Prezidenti cənab İlham Əliyevin noyabrın 20-də mətbuata bəyanatla etdiyi çıxışında öz əksini tapıb. Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqlarda iştirak edib, lakin bütün bunlar heç bir nəticə verməyib. Çünki beynəlxalq təşkilatlar Ermənistana heç bir təsir göstərməyiblər. Nəhayət, ATƏT-in keçmiş Minsk qrupunun yaradılmasından 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə təsbit olunmuş qanuni imkandan istifadə edərək işğaldan azad etdi”.

K.Qafarov bu gün bəzi Qərb ölkələrinin Cənubi Qafqazda öz iradələrini diktə etmək niyyətlərinin yolverilməz və mümkünsüz olduğunu qeyd edib:

“Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində işğal olunmuş ərazilərimizin böyük hissəsi azad edildi. Lakin möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan özünün hətta ən kiçik bir hissəsində belə qanunsuz separatçı rejimin olmasına imkan verə bilməzdi. Ermənistan imzaladığı 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərinə əməl edərək hərbi kontingentinin qalan hissəsini də Azərbaycan ərazisindən çıxarmalı idi. Lakin 3 il ərzində bu baş vermədi. Ermənistan hökuməti Azərbaycanın sülhə çağırışlarına deyil, Qərbin, xüsusən də marionetinə çevrildiyi Fransanın təhriklərinə qulaq asmağa üstünlük verdi. Nəticədə, bu ilin sentyabr ayında Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində antiterror əməliyyatı apardı. Bu əməliyyat 24 saatdan az davam etdi və Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Artıq Azərbaycan bütün ərazisində özünün suverenliyini tam bərpa edib. Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərinə çatıb və bizə yeni müharibə lazım deyil. Lakin Ermənistan hələ də Cənubi Qafqazda destabillik yaratmaq istəyən xarici qüvvələrin təhrikinə uyaraq hansısa qisas haqqında düşünərsə, bu heç bir yaxşı nəticəyə gətirib çıxarmaz. Buna görə də Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Bu gün Azərbaycan ədalətli, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında bağlanacaq sülhə hazır olduğunu bəyan edirsə, Ermənistan bu tarixi fürsəti əldən qaçırmamalıdır”.

 

 

 

Diaspora