Hər il 12 noyabr–Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil dövlət üçün Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi hazırlanmış və bu layihə ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub.
İlk müstəqil Konstitusiyamızın qəbul edilməsindən 28 il ötür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Milli Konstitusiya müasir dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, müstəqil dövlətçilik tariximizdə yeni mərhələ açıb, dövlət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi həyatımızın inkişafına güclü təsir göstərib. Konstitusiyanın qüvvədə olduğu 28 illik dövr ərzində onun müddəalarının həyata keçirilməsində böyük təcrübə toplanmış, bu sənəddə əks olunmuş konsepsiyalar inkişaf etdirilərək güclü sosial dövlətin, yüksək rəqabətli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə təkan verən çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir. Cəmiyyətimizin sürətli inkişafı ölkəmizin əsas qanunun da təkmilləşdirilməsini şərtləndirmişdir.
Belə ki, 2002-ci, 2009-cu və 2016-cı illərdə keçirilmiş ümumxalq referendumları, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyamıza insan hüquqlarının qorunmasına, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlvələr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qəhrəman ordumuz tərəfindən torpaqlarımızın 30 illik işğaldan azad edilməsi nəticəsində, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etmişdir. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
Bu gün Azərbaycan Respublikasının konstitusiyası bütün ölkə ərazisində qüvvədədir və böyük hüquqi, siyasi, ideloji potensiala malik bu Konstitusiya Azərbaycan xalqının firavanlığına xidmət edir.
Milli Məclisin deputatı,
Rauf Əliyev