2006 və 2012-ci illərdə Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Hazırda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və bu il oktyabrın 10-da təşkilatın Nazirlər Şurasının 27-ci iclasının məhz Şuşa şəhərində keçirilməsi də ölkəmizin ECO-da yüksək nüfuzundan xəbər verir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək templə inkişaf etdiyini vurğulayıb:
“Hazırda Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi ECO-ya üzv ölkələrdən biri də Özbəkistandır. Təşkilatın noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş 16-cı Zirvə toplantısında iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında ölkələrimiz arasında münasibətlərin nə dərəcədə dərin olmasını xüsusi qeyd etmişdir. Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanan güclü müstəqil dövlətlərdir. Ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi bütün türk dünyasının güclənməsinə xidmət edir. Buna nail olmaq üçün ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının səyləri nəticəsində daha da intensivləşdirilir. Artıq bütün istiqamətlərdə, o cümlədən iqtisadi fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmaqdadır”.
K.Qafarov Azərbaycanın bərpaolunan enerji sahəsində çalışmalarının və bu istiqamətdə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib:
“Bu gün Azərbaycan dövləti ölkənin zəngin neft və qaz ehtiyatlarına sahib olmasına rəğmən, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Təsdiq olunmuş məlumatlara əsasən ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 giqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Bu, çox böyük potensialdır və Azərbaycan bu potensialı reallaşdırmaq əzmindədir. Artıq dünyanın bir neçə aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla sazişlər imzalanmışdır və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 giqavata çatacaq. Beləliklə, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Öz çıxışında bu məsələyə toxunan cənab Prezident İlham Əliyev sammit iştirakçılarının diqqətinə belə bir məqamı da çatdırdı ki, ölkəmizin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2021-2023-cü illər ərzində 170 meqavatlıq hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq və cəmi bir neçə ildən sonra həmin ərazilərdə hidroelektrik stansiyalarının ümumi gücü 500 meqavat təşkil edəcək. Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsi faktı da ölkəmizin bərpaolunan enerji sahəsində çalışmalarının təşkilata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini təsdiq edir”.