Putinin Haaqa Məhkəməsinə verilməməsi üçün Ermənistan Rusiyaya ikitərəfli saziş bağlamaq təklifi verib. Bu, absurddur, çünki Ermənistan Rusiya prezidentini həbs edə bilməz.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni ekspert Stepan Danielyan Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ilə Rusiya-Ermənistan münasibətlərinin daha da kəskinləşməsi haqda danışarkən deyib.
“İrəvan Vladimir Putini həbs etsə, Ermənistan yerindəcə məhv olacaq. Ona görə də rusların və ya onların prezidentinin həbs olunmaması üçün Rusiya ilə belə bir müqavilə imzalamaq istədikləri barədə deyilənlər, sadəcə olaraq, real mövzudan yayınmadır. Problem ondadır ki, Rusiya Roma Əsasnaməsinin ratifikasiyasını Putinin həbsindən qorxduğu üçün yox, Qərbin təsir dairəsinə daxil olmaq naminə atılan addım hesab etdiyi üçün buna qarşı çıxır”, - politoloq bildirib.
Politoloq qeyd edib ki, hakimiyyətin fikrincə, beynəlxalq qanunlar pozulduğu halda Azərbaycanı cəzalandırmaq, ən azı özünü Azərbaycandan qorumaq üçün Roma Statusu ratifikasiya olunub:
“Həmin Haaqa Məhkəməsi Laçın dəhlizinin dərhal açılması ilə bağlı müvəqqəti qərar qəbul etmişdi, Azərbaycan məhkəmənin tələbini yerinə yetirmədi. Çox gülməli haldır ki, İrəvan Əliyevə qarşı Haaqa Məhkəməsində iş qaldıraraq, özlərini Azərbaycandan qoruya biləcəklərini düşünür. Bu, absurddur, cəfəngiyyatdır”.
O bildirib ki, ABŞ Roma Statutuna qoşulmayıb:
“Çünki öz vətəndaşlarını yalnız özünün mühakimə edə biləcəyini düşünür. Heç bir özünə hörmət edən ölkə Roma Statutuna qoşulmaz”.
Stepan Danielyanın sözlərinə görə, Rusiya Roma Əsasnaməsinə sadəcə simvol kimi baxır: Ermənistan xarici siyasətinin vektorunu dəyişir.