2022-ci ilin avqustunda mən Qarabağ ermənilərinə öz nümunəmdə inteqrasiyada bir qəbahət olmadığını göstərmək üçün Azərbaycan Prezidentinə vətəndaşlıq almaq və Xankəndidə yaşamaq xahişi ilə açıq müraciət yazdım. Bu, sığınacaq xahişi deyildi, Azərbaycanın Qarabağ ermənilərinə qarşı soyqırım törədəcəyi ilə bağlı erməni təbliğatının tezislərini təkzib etmək üçün siyasi aksiya idi.
QAZİLER.AZ Axar.az-a istinadən bildirir ki, bu sözləri erməni bloger İşxan Verdyan Ermənistanda onun haqqında cinayət işi açılmasına və casusluqda ittiham olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, cinayət işinin açılmasına Feysbuk səhifəsində yazdığı “Qarabağ Azərbaycandır” sözləri səbəb olub:
“Azərbaycan Prezidentinə müraciətimdən iki gün sonra Ermənistan mətbuatında bu ölkənin Baş Prokurorluğunun press-relizində İstanbulda yaşayan İ.V. adlı bir nəfərə qarşı dövlətə xəyanət, casusluq və düşmən tərəfə keçmək maddələri ilə cinayət işi açıldığını gördüm. Vəziyyəti aydınlaşdırmaq üçün Baş Prokurorluğa məktub yazdım və cavab olaraq Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətindən haqqımda cinayət işinin açıldığını, axtarışa verildiyimi təsdiq edən bildiriş aldım.
Ermənistanın Ombudsman vəzifəsi Baş nazir Paşinyana sadiq olan şəxsə keçdikdən sonra mənə qarşı qaldırılan cinayət işinin siyasi mahiyyət daşıdığını bildirdim və işimə yenidən baxılması xahişi ilə Ombudsman Aparatına müraciət etdim. Ombudsman işə yenidən baxılması üçün MTX-yə göndərdi. MTX-nin mənə açıqlamasından məlum oldu ki, haqqımda qaldırılan cinayət işinə xitam verilməsindən imtina olunub. İttiham mənim Feysbuk səhifəmdə Qarabağın Azərbaycan olduğuna, yeni müharibəyə başlamamağa çağırış etdiyim statuslarıma əsaslanır.
Belə ki, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti mənim Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağımı Ermənistana dövlət xəyanəti kimi qiymətləndirib, İstanbulda yaşamağımı isə casusluq kimi görüblər. Elə bu! İttihamın əsasında başqa heç nə, bir dənə də olsun fakt yox idi”.
Verdyan bildirib ki, bu ittiham, əslində, Ermənistanda şişirdilmiş söz azadlığı ilə bağlı təsəvvürləri alt-üst edir:
“Ermənistan məni dövlət cinayətkarı kimi görür, ona görə ki, hamının sonda etiraf etdiyini açıq şəkildə yazırdım. Belə çıxır ki, bu qədər geniş təbliğ olunan söz azadlığı Ermənistanda yoxdur. Ermənistan dövləti öz vətəndaşlarını fikir bildirdiyinə görə ən ağır - keçmiş baş prokurorun cəza kimi ölüm hökmünün tətbiqini təklif etdiyi maddələrlə təqib edir. Mən bilmirəm, bu gün, Azərbaycan Qarabağa nəzarəti bərpa edəndən sonra vəziyyət necədir? Yəqin ki, artıq belə absurd siyasi motivlərlə cinayət işləri açılmır. Lakin Nikol Paşinyan hakimiyyəti dövründə, hətta son vaxtlara qədər, fərqli fikir söylədiyin üçün dövlət səviyyəsində terror həyata keçirilirdi. Haqqımda açılmış cinayət işinə xitam verilməyənə və məndən rəsmi üzr istəməyənə qədər mən bu gün də Ermənistanın öz vətəndaşlarına qarşı terroru dəstəkləyən dövlət olduğunu söyləyəcəm”.