Beynəlxalq Astronavtika Konqresinin ölkəmizə qazandıracağı dividentləri çox böyükdür - Rəy

Beynəlxalq Astronavtika Konqresinin ölkəmizə qazandıracağı dividentləri çox böyükdür - Rəy backend

Nəzərə almalıyıq ki, gələcək kosmik iqtisadiyyat ümumi iqtisadiyyatın bir çox sahələrini, o cümlədən yaşıl iqtisadiyyatı getdikcə arxada qoyan daha strateji və davamlı, həmçinin planetin mövcudluğu şəraitində daim mövcud olacaq bir aparıcı sahəsi olacaq. Buna görə, kosmik iqtisadiyyat sahəsində ölkələrin öz fəaliyyətini formalaşdırması son dərəcə zəruridir. Bu baxımdan Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizə qazandıracağı dividentlər baxımından çox böyükdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O qeyd edib ki, 50 il bundan əvvəl 1973-cü ildə Ümummilli Liderin təşəbbüsünün nəticəsi olaraq Azərbaycanda belə bir tədbir keçirilmişdir. 50 il sonra bu tədbirin yenidən Azərbaycanda olması ölkəmizin iqtisadiyyatına və bu sahədə olan fəaliyyətinə çox uğurlu təsir göstərəcək. Ona görə ki, aerokosmonavtik fəaliyyət dünyada getdikcə genişlənir, dünyanın aparıcı ölkələrində iqtisadiyyat yüksəldikcə orada məhz kosmik fəaliyyətin də çəkisi çox yüksəlir. Azərbaycan da bu istiqamətdə kifayət qədər fəaliyyətləri artıq həyata keçirməkdədir. Dünyanın 42 ölkəsinə bu ilin ilk dörd ayı ərzində 6,5 milyon dollarlıq xidmət ixrac edib. Bu illik mənada 20 milyon dollardan çox vəsait deməkdir. Perspektivdə imkanlarımız daha genişdir.

E.Əmirovun sözlərinə görə, bu sahə Azərbaycanın daha çox peyklərinin səmada olmasına imkan verəcəkdir ki, bu da həm kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində, mina axtarışlarının həyata keçirilməsində, ölkənin təhlükəsizliyinin təmin olunmasında, digər ölkələrlə strateji müttəfiqliyin daha da yüksək səviyyəyə çatdırılmasında, xidmət ixracı səviyyəsinin artırılmasında və sair çoxsaylı istiqamətlərdə ölkə iqtisadiyyatı üçün çox vacibdir.

"2023-cü ildə açıqlanmış rəqəmlərə əsasən, kosmik iqtisadiyyatın həcmi 464 milyard dollar olub. Bunun da 362 milyard dolları kommersiya xarakterlidir. 31 milyard dollar müdafiə, 31 milyard dollar isə mülki xarakterli olub. Bu barədə Avropa konsaltinq şirkətinin bu istiqamətdə olan açıqlamalarında bildirilib. Həmçinin qeyd olunur ki, bu istiqamətdə iqtisadiyyat son dərəcə sürətlə artır. Dünyada iqtisadi aktivliyin azaldığı illərdə belə bu iqtisadiyyatda artım azalmır. Hər il minimal artım 8 faizin üzərində olur. Bunların da arasında dünya regionları üzrə bölgüdə Şimali Amerika 131 milyard, Latın Amerikası 34 milyard, Avropa 94 milyard, Asiya 102 milyard, Orta Şərq isə 35 milyardlıq dəyərə malikdir. Rusiya və MDB-də isə bu göstərici 18 milyard dollardır ki, sözsüz Azərbaycanın da burada payı var", - deyə ekspert əlavə edib.

 

 

Diaspora